"Türk dövlətləri qədim və zəngin köklərə malikdir".

Teleqraf xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı, həmçinin "Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitablarının təqdimat mərasimində deyib.

"Türk Dünyası Milli Kitabxanalar Birliyi yaranıb. Bu gün ilk toplantıdır. Türk dilli ölkələrin qarşısında ortaq milli elektron kitabxananın və virtual oxu zalının yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi, eləcə də zəngin kitab irsinin gələcək nəsillərə çatdırılması kimi mühüm vəzifələr dayanır. Bu gün təqdim olunan Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitabları türk dünyasına layiqli töhfə verəcəyinə inanırıq", - deyə S.Yusifova deyib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, nəşr edilən kitablar Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş bir salnamə və manifest xarakteri daşıyır:

"Arzu edərdik ki, nəşr gələcəkdə digər dillərə də tərcümə olunub çap edilsin. İnanırıq ki, bu kitab həm Azərbaycanda, həm də bütün türk dünyasında türkologiya elminin inkişafına və elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək".