BAKI, 2 iyul. TELEQRAF

Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı, həmçinin "Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitablarının təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbir Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə qurultayda iştirak etmiş 131 nümayəndənin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, 100 il əvvəl əcdadlarımız bugünkü Türk dünyasının təməlini qoyublar: "Onlar Türk dünyasını bir araya gətirmək məqsədilə toplaşmışdılar. Aradan 100 il keçib və 131 nümayəndənin mübarizəsi öz bəhrəsini verib. Bu gün bütün dünya türk dövlətləri ilə hesablaşır. Türk dövlətləri başçılarının səyləri nəticəsində sözümüz daha güclü eşidilir.

Bu gün Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitablarını təqdim edirik".