BAKI, 13 iyun. TELEQRAF
"Şimali Kipr Türk Cümhuriyyəti Kipr adasında yaşayan Kipr türk xalqının suveren dövlətidir".
Teleqraf xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıda keçirilən Şimali Kiprin Mədəniyyət Günü çərçivəsində təşkil edilən mətbuat konfrasında deyib.
"Kiprdə iki ayrı xalq, iki ayrı demokratiya, iki ayrı dövlət var. Bu reallıq artıq görməzdən gəlinə bilməz. Kiprdə davamlı, ədalətli və dayanıqlı həll yolu da məhz bu reallığın qəbul edilməsindən keçir. Kipr türk xalqı illərdir öz dövlətinə, öz demokratiyasına və öz iradəsinə sahib çıxır. Bu gün gəldiyimiz nöqtədə iki dövlətli həll modeli yalnız siyasi seçim deyil, adadakı mövcud reallığın təbii nəticəsidir. Bu məqamda Azərbaycanın nümayiş etdirdiyi qardaş mövqeyi və güclü dəstəyi bizim üçün son dərəcə qiymətlidir.
Azərbaycan hər zaman Kipr türk xalqının yanında olub. Hər zaman haqlı mübarizəmizə dəstək verib.
Hər zaman qardaşlığın tələb etdiyini yerinə yetirib.
Bu dostluğu və həmrəyliyi heç vaxt unutmayacağıq",- deyə Baş nazir əlavə edib.