BAKI, 1 iyun. TELEQRAF
Azərbaycan radiosunun həyatından bəhs edən kitab nəşr olunub.
Teleqraf xəbər verir ki, Azərbaycan radiosunun veteran əməkdaşı Zümrüd Səfərovanın “Həyat efir kimidir – radiolu günlərdən” adlı kitabı bu günlərdə çapdan çıxıb.
Kitabda ötən əsrin 60–80-ci illərində Azərbaycan radiosunun yaradıcı mühiti, həmin dövrün tanınmış radio əməkdaşları və ziyalı simaları haqqında maraqlı xatirələr, yumoristik əhvalatlar yer alıb.
Müəllif çalışdığı illər ərzində yaxından tanıdığı jurnalistləri, diktorları, redaktorları, rejissorları və digər yaradıcı insanları səmimi müşahidələri ilə oxuculara təqdim edir.
Kitabda bir tərəfdən Azərbaycan radio tarixinin mühüm səhifələri canlandırılır, digər tərəfdən isə bir nəslin dünyagörüşü, peşə etikası və mənəvi dəyərləri əks olunur.
Media tarixini araşdıranlar, xatirə ədəbiyyatını sevənlər və Azərbaycan radiosunun keçmişinə maraq göstərənlər üçün “Həyat efir kimidir – radiolu günlərdən” dəyərli mənbə kimi diqqət çəkir.
Kitabın redaktoru Günel Natiq, ön sözün müəllifi isə Sevda Hüseyndir.