BAKI, 15 may. TELEQRAF
Misirin Luxor şəhərində firon Tutanxamonun məzarına aid unikal artefakt ilk dəfə ictimaiyyətə təqdim olunub.
Teleqraf xəbər verir ki, söhbət Tutanxamonun məzarının girişini bağlayan gips divardan gedir. Artefakt Luksor Muzeyində nümayiş etdirilib.
Misirin Qədim Abidələr İdarəsinin rəhbəri Abdelqaffar Vacdi bildirib ki, bu eksponat dünyada analoqu olmayan tapıntıdır. Onun sözlərinə görə, firon məzarlarının əksəriyyəti tarix boyu talan edildiyi üçün belə artefaktlar qorunub qalmayıb.
Məlumata görə, həmin divar 1922-ci ildə britaniyalı arxeoloq Hovard Karter tərəfindən aşkar edilən Tutanxamon məzarının əsas elementlərindən biri hesab olunur.
Divarın üzərində Tutanxamonun möhürləri və məzarı qoruyan nəzarətçilərə aid nişanlar yerləşir.
Bundan başqa, Misir rəsmiləri Luksorun qərb sahilində Yeni Çarlıq dövrünə aid iki bərpa olunmuş qədim məzarı da ictimaiyyətə təqdim ediblər.
Söhbət XVIII sülalə dövrünə aid Rabuya və onun oğlu Samutun məzarlarından gedir. Bildirilir ki, onlar tanrı Amonun məbədlərində qapı mühafizəçisi vəzifəsində çalışıblar.
2015-ci ildə təsadüfən aşkar edilən məzarlarda kənd təsərrüfatı, məhsul yığımı, çörəkbişirmə, keramika və şərab istehsalı ilə bağlı səhnələr əks olunub.