BAKI, 25 aprel. TELEQRAF
Türkiyədə 3-cü Rizə Kitab Sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türk dilində nəşr olunan əsərlərinin təqdimatı keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan stendində dövlətçiliyimiz, tariximiz, mədəniyyətimiz, ölkəmizin nailiyyətləri ilə bağlı zəngin nəşrlər sərgilənməkdədir.
Bu gün Rizə Kitab sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə Türkcəsinə tərcümə olunmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “İsgəndərnamə” əsərlərinin təqdimatı keçirilib.
İlk öncə tədbirin moderatoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova çıxış edərək Nizami Gəncəvi yaradıcılığı, onun Azərbaycanın, Türk dünyasının ortaq dəyəri olaraq ədəbiyyatımıza töhfələrindən bəhs edib. Əsərləri, yaradıcılığı haqqında danışaraq, ədəbiyyatımda Xəmsəçilik ənənələrinin əsasını qoyduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin, Azərbaycan klassik irsinin tədqiqi və təbliği ilə bağlı layihələrdən danışıb, Türk dünyasının ortaq dəyəri olan Nizami Gəncəvinin zəngin irsinin tanıdılması, ana dilində Türk oxucularına çatdırılmasının önəmli olduğunu vurğulayıb.
O, dahi mütəfəkkirin yaradıcılığının həm ədəbiyyatda, həm də sənətdə tanıdılması, onun 880 illiyi münasibəti ilə ölkə başçısı İlham Əliyev tərəfindən bütöv bir ilin ona həsr, eləcə də ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini söyləyib. Çıxışlarda Nizami Gəncəvinin yaratdığı zəngin əsərlərinin - “Xəmsə”nin Şərq ədəbiyyatının zirvəsi olduğunu vurğulanıb.
Təqdimatı olan nəşrlərin tərcüməçisi, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım, Azərbaycanın Mədəniyyət mərkəzi olan qədim Gəncə şəhərində doğulan və yaşayan Nizami Gəncəvi XII əsrdə əsərləri ilə Şərq intibahının əsasını qoyduğunu bildirib.
O, ölməz əsərlər yaradan Nizaminin Azərbaycanın, Türk dünyasının qüruru olduğunu qeyd edərək, dahi şairin əsərləri, tərcümələrdən bəhs edib, eşq dastanı Leyli və Məcnun, nəsihətlər və tərbiyəvi düşüncələrlə oxucuya həyat dərsi verən Sirlər xəzinəsindən, ədalət və humanizmdən bəhs edən "İsgəndərnamə" əsərindən sitat gətirərək, hissələr səsləndirərək Türk oxucularına Nizami Gəncəvinin əsərlərinin oxumalarını tövsiyə etdi.