BAKI, 23 aprel. TELEQRAF

"Zayed İnsan Qardaşlığı Mükafatı"na aid "İnsanlığın Ürək Döyüntüsü" (Heartbeat of Humanity) film seriyası sənədli kino kateqoriyasında eyni anda iki nüfuzlu mükafat - Webby Award və Webby People's Voice Award qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-İttihad" qəzeti məlumat yayıb.

Sözügedən film seriyası 2025 və 2026-cı il "Zayed Mükafatı" laureatlarının humanitar fəaliyyətinə həsr olunub.

Filmlərdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, Barbadosun Baş naziri Mia Mottli, "World Central Kitchen" humanitar təşkilatı, gənc ixtiraçı Heman Bekele, Fələstinin "Taawon" təşkilatı və əfqanıstanlı fəal Zarqa Yaftalinin fəaliyyəti işıqlandırılıb.

Layihə 13 mindən çox müraciət arasından seçilərək sənədli kino kateqoriyasında beş finalistdən biri olub. Mükafatlardan biri 3 mindən çox ekspertin daxil olduğu Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyası tərəfindən, digəri isə dünya üzrə 4 milyondan çox insanın iştirak etdiyi səsvermə nəticəsində verilib.

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdüssəlam bildirib ki, bu uğur mükafatın humanitar mesajının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Onun sözlərinə görə, bu nailiyyət “Zayed” mükafatının həmrəylik dəyərlərini təbliğ edən aparıcı qlobal platforma kimi mövqeyini daha da möhkəmləndirir.