BAKI, 15 aprel. TELEQRAF
"Mərhum Xalq artisti Rasim Balayevin 40 mərasimi çıxmamış Kinematoqrafçılar İttifaqına rəhbərlik məsələsənin bəzi sənət adamları tərəfindən qaldırılması düzgün deyil".
Bunu Teleqraf-a açıqlamasında Əməkdar incəsənət xadimi, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov deyib.
"Bu gün Azərbaycan kinosu özünəməxsus şəkildə dövrün tələbləri və problemləri ilə üz-üzədir. Hazırda Kinematoqrafçılar İttifaqında çox yaxşı bir komanda formalaşıb. Prodüserlər heyəti olaraq çox istərdik ki, Şəfiqə Məmmədova ittifaqın sədri olsun.
Hesab edirəm ki, o buna layiqdir. Çünki Şəfiqə Məmmədova bundan əvvəl də ittifaqın sədri olub. Mən "Azərbaycanfilm" kinostudiyasında işlədiyim dövrdə o, bir çox böyük problemlərin həllində bizə kömək edib. Orada çox yaxşı bir komanda var. Əli İsa Cabbarov da həmin komandadadır. Onların hər ikisinin birgə əməkdaşlığı Azərbaycan kinosuna böyük fayda verə bilər. İdarə heyətində Ayaz Salayev, Elçin Musaoğlu və Cəmil Quliyev də təmsil olunmalıdır" - Müşfiq Hətəmov əlavə edib.
O bildirib ki, buraxılmış səhvlər təkrar olunmamalıdır: "Biz əvvəlki səhvlərimizi təkrarlamamalıyıq. Vaxtilə Eldar Quliyev haqqında “yaşlaşıb, getsin” deyirdilər və o, "Debüt" studiyasından uzaqlaşdı. Bu gün "Debüt" studiyası fəaliyyət göstərmir. Fikrimcə, Şəfiqə Məmmədova birlik üçün dövrün tələblərinə cavab verən bir şəxsdir və hesab edirəm ki, ittifaqın sədri məhz o olmalıdır. Yəqin ki, mən ona səs verəcəyəm".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da İstanbul Memorial Xəstəxanasında vəfat edib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək. Sədr seçilməsi ilə bağlı qurultayın keçirilməsi mayın 10-u ilə 17-si arasındakı tarixə müəyyənləşib.