BAKI, 8 aprel. TELEQRAF

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində Ankara Rəsm və Heykəllər Muzeyində “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı azərbaycanlı rəssamların rəsm sərgisi təşkil olunub.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərginin açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, İYİ Partiya millət vəkili Ayyüce Türkeş, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Səfirliyimizin müşaviri Füzuli Məcidli, diplomatlar, eləcə də mədəniyyət, incəsənət xadimləri, rəssamlar, Türkiyədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Sərgidə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan zəfəri əks etdirən qısa film nümayiş olunub.

Açılış mərasimində çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, sərginin əhəmiyyətindən bəhs edib.

O vurğulayıb ki, Azərbaycanın qazandığı şanlı zəfər sənətin dili ilə insanlara çatdırılıb:

"Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı sənət adamları, rəssamları mədəniyyətə töhfə verməklə yanaşı, iki qardaş ölkə arasında mədəni körpülər qurublar".

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov zəfər tarixinin hər bir dövlət üçün müqəddəs və önəmli tarixi hadisə olduğunu qeyd edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimiz haqqında danışıb.

O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı rəssamlar arasında keçirilən və zəfərimizə həsr olunan sərgidə 44 əsərin nümayiş olunduğunu və bu əsərlərdə Vətənimizin tarixi, mədəniyyəti, mənəvi dəyərləri, Qarabağ mövzusunun geniş işıqlandırıldığını söyləyib.

Azərbaycan xalqının min illər boyu zəngin bir mədəniyyət yaratdığını və onun rəssamlıq məktəbinin əsrlər boyu bu mədəniyyətin bədii və estetik dəyərlərini qoruyub saxlamaqla inkişaf etdirdiyini qeyd edən Mərkəz direktoru Samir Abbasov azərbaycanlıların daim qardaş Türkiyənin mədəni həyatında aktiv iştirakını və mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Səfirliyimizin müşaviri Füzuli Məcidli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edərək, bu kimi mədəni təşəbbüslərin Azərbaycan ilə Türkiyə arasında mədəniyyət diplomatiyasının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

O, Türk dünyası arasında əlaqələrin daha da genişlənməsindən danışaraq, mədəniyyət layihələrinin bu münasibətlərə önəmli töhfələr verdiyini bildirib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım müasir Azərbaycanın inkişafının təməlini qoymuş ümummilli lider Heydər Əliyevin siyasi kursunun əhəmiyyətini xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin daha da möhkəmləndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının tarixə şanlı Zəfər kimi həkk olunduğunu diqqətə çatdırıb.

Çıxış edən İYİ Partiyası millət vəkili Ayyüce Türkeş isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu bildirib. O, bu möhtəşəm uğurun incəsənət vasitəsilə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü və layihəsini yüksək dəyərləndirərək, bu cür sərgilər vasitəsi ilə tarixi zəfərin gənc nəslə bədii dillə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını, qardaş Türkiyədə geniş kütlələrə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sərgidə Türk dünyasının böyük şəxsiyyətləri, Ulu Öndər Mustafa Kamal Atatürk, Ulu Öndər Heydər Əliyevin rəsmləri, habelə Azərbaycan, Vətən sevgisi, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, Qarabağ, Azərbaycan-Türkiyə qardaşlığı növzusunda rəsmlər nümayiş etdirilir.

Qeyd edək ki, 2025-ci ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin 5 illiyi münasibəti ilə elan etdiyi sərgi üçün Türkiyənin müxtəlif şəhərlərindən təqdim olunan çoxsaylı əsərlər arasından Təşkilat Komitəsi tərəfindən 44 rəsm əsəri seçilmiş və Ankara Rəsm və Heykəllər Muzeyinə gətirələrək nümayiş etdirilir. Aprelin 16-dək Ankara Rəsm və Heykəllər Muzeyində nümayiş olunacaq sərginin Ankara ilə yanaşı, Türkiyənin digər böyük şəhərlərində də təşkili, habelə seçilmiş dəyərli əsərlərin Azərbaycan və Türkiyədə muzeylərinə daimi eksponat kimi hədiyyə olunması nəzərdə tutulub.