BAKI, 7 aprel. TELEQRAF
"Əmək müqaviləmin müddəti martın 31-dən bitib".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirəm Xalq artisti Əvəz Abdulla deyib.
O bildirib ki, Xalq artisti Yusif Eyvazovun onunla əmək müqaviləsini uzatmamaq səbəbini bilmir:
"Xalq artisti Yusif Eyvazovun mövqeyinin nə olduğunu bilmirəm, çünki zənglərimə cavab vermir. Əmək müqaviləm martın 31-də başa çatıb. Kadrlar şöbəsindən mənə bildirildi ki, guya Azərbaycanda olmuram və daha çox xaricdə yaşayıram. Cavab olaraq qeyd etdim ki, bu doğru deyil, tamaşalar olan zaman ölkəmə gəlirəm və fəaliyyətimi davam etdirirəm. Mən Almaniyada yaşayıram, fəal şəkildə çalışıram və ölkəmi beynəlxalq səviyyədə təmsil edirəm. Opera və Balet Teatrının solisti olmağımla fəxr edirəm".
Ə.Abdulla bildirib ki, teatrda baş verənlələrlə bağlı məhkəməyə müraciət edəcək:
"Mədəniyyət Nazirliyinə müraciət etməyi düşünmürəm, məsələni məhkəmə yolu ilə həll edəcəm. Teatr rəhbərliyi mənimlə deyil, məhkəmədə vəkilimlə danışacaq.
Xalq artisti Yusif Eyvazovla münasibətimiz demək olar ki, olmayıb. Bu üç il ərzində çox nadir hallarda görüşmüşük. O da tez-tez qastrollarda olur. Mən tamaşalara gələndə o iştirak etmirdi və buna görə də ünsiyyətimiz olmayıb'".
Xalq artisti vurğulayıb ki, Yusif Eyvazovun teatr rəhbəri kimi fəaliyyətindən ciddi narazılığıı var: "Bir qrup solist olaraq mətbuat konfransı keçirmişdik və bu çıxış yaxın günlərdə sosial şəbəkələrdə yayımlanacaq.
Martın 11-də hazırladığımız video müraciətdə açıq şəkildə bildirdim ki, Yusif Eyvazov teatrı idarə etməkdə uğursuzdur və vəzifədən getməlidir. Əks halda, bu prosesdə ona kömək edəcəyimizi də qeyd etmişdim. Hələlik onların bu müraciətdən xəbəri yoxdur.
Əvvəldən mənə deyirdilər ki, müqavilə ilə bağlı dəyişikliklər olacaq. “Narahat olmayın, hər şey yaxşı olacaq” kimi Y.Eyvazov tərəfindən sözlər deyilirdi. Son hadisədən sonra Yusif Eyvazova zəng etsəm də, cavab ala bilmədim.
Bu vəziyyətdə tək deyiləm. Mənimlə yanaşı xalq artistləri Kamilla Hüseynova, Yalçın Adıgözəlov, Samir Cəfərov, əməkdar artistlər Samir Səmədov, opera müğənnisi Azər Zadə və solist Atəş Qarayev də oxşar problemlərlə üzləşirlər. Teatrda Yusif Eyvazov tərəfindən yeni qaydalar yaradılıb, boksçular işə götürülüb və əməkdaşlara qarşı təzyiq mühiti formalaşdırılıb. Açıq şəkildə insanlara qorxu aşılanır, işdən çıxarılmaqla hədələnirlər. Bu yanaşma teatrda repressiv mühit yaradıb.
Son üç il ərzində yaradıcılıq mühiti də ciddi şəkildə zəifləyib. Premyeralarla bağlı verilən məlumatlar həqiqəti əks etdirmir. “Koroğlu” operası yeni tamaşa deyil, sadəcə dekorasiyalar yenilənib. “Leyli və Məcnun” səhnəyə qoyulsa da, qalmaqallarla yadda qaldı və cəmi iki dəfə nümayiş olundu. “Nəsimi” isə tam hüquqlu opera deyil, daha çox kompozisiya xarakteri daşıyır.
Repertuar siyasəti faktiki olaraq Yusif Eyvazov və onun müavini Ramil Qasımov tərəfindən idarə olunur. Digər sənətçilərə, o cümlədən Samir Cəfərov və Azər Zadə kimi təcrübəli ifaçılara lazımi imkanlar yaradılmır. Nə qədər tenorlar Fəri Əliyev və sair bor çoxu işsizdir. Yusif Eyvazov və ətrafındakılar sənətçilərə imkan vermirlər. İnsanları məcbur edirlər ki, öz istəkləri ilə işdən çıxsınlar".