BAKI, 1 aprel. TELEQRAF

İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) adlı kitabın təqdimatı keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Türkiyə türkcəsində hazırlanan nəşr Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.

Azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında hazırlanan kitabda Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri əks etdirilib.

Türkiyənin ən qədim və nüfuzlu elm-təhsil müəssisələrindən olan İstanbul Universiretində keçirilən təqdimat mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul İniversitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki Səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun yaradıcılığının həm Azərbaycan, həm də Türkiyənin ortaq mənəvi sərvəti olaraq, onun marifçilik, mətbuat sahəsində fəaliyyəti, dünyəvi təhsilin yayılması, milli oyanış ideyalarının formalaşmasında xidmətlərini qeyd edib.

Ağaoğlunun Şərq ənənələri ilə Qərb modernləşməsi arasında balansın tapılmasını vacib hesab etdiyini bildirən Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin dövlətimizin dəstəyi ilə gələcəkdə də bu kimi layihələr çərçivəsində iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə vermiş, Türkiyədə yaşamış tanınmış azərbaycanlıların zəngin irsinin araşdırılması və geniş şəkildə tanıdılması istiqamətində işlər həyata keçiriləcəyini bildirib.

Təqdimat çərçivəsində yeni nəşr olunmuş kitabın sərgisi təşkil olunub, müəllifin imza mərasimi keçirilib, kitabın 20 nüsxəsi İstanbul Universitetinin kitabxanasına hədiyyə edilib.