BAKI, 31 mart. TELEQRAF
"1918-ci ildə erməni daşnak dəstələri və bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının 108-ci ildönümü yalnız bir tarixi hadisənin anılması deyil, həm də milli yaddaşın, ədalət axtarışının və dövlətçilik şüurunun təcəssümüdür. Bu faciə Azərbaycan xalqının kollektiv yaddaşında silinməz iz buraxıb, xalqın mübarizə ruhunu daha da gücləndirib".
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Emre İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç bildirib.
"Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan olunması bu tarixi həqiqətlərin dövlət səviyyəsində tanınması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. 1918-ci ilin mart hadisələri zamanı on minlərlə günahsız azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, xalqın sosial və mədəni infrastrukturu ağır zərbə alıb. Bu hadisələr təkcə humanitar faciə deyil, eyni zamanda siyasi məqsədlərlə həyata keçirilmiş etnik təmizləmə siyasətinin bariz nümunəsidir", - deyə S.Karakılıç əlavə edib.
Səlçuk Karakılıç vurğulayıb ki, tarix boyu Azərbaycan xalqı yalnız 1918-ci il hadisələri ilə deyil, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi ağır sınaqlarla da üzləşib: "Bütün bu faciələrə baxmayaraq, Azərbaycan xalqı heç zaman iradəsini itirməyib, müstəqilliyini və dövlətçiliyini qorumağı bacarıb".
Onun fikrincə, Azərbaycan və Türkiyə bu gün bölgədə sülhün, sabitliyin və əməkdaşlığın əsas təminatçılarıdır: "Türkiyə Qarabağ müharibəsində olduğu kimi, bundan sonra da siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək. Bu birlik yalnız iki dövlət arasında deyil, bütövlükdə Türk dünyasının strateji həmrəyliyinin göstəricisidir. Türk dünyası artıq daha təşkilatlanmış, daha güclü və ortaq gələcək vizyonuna sahibdir. Bu birlik sayəsində regionda bir daha belə faciələrin yaşanmasına imkan verilməyəcək".
Səlçuk Karakılıç Azərbaycan xalqına başsağlığı verib: “Bu ağır gündə qəlbimiz Azərbaycanla birlikdə döyünür. 1918-ci il soyqırımı qurbanlarını, şəhidlərini dərin ehtiramla yad edir, Azərbaycan xalqına başsağlığı verirəm. Azərbaycan artıq güclü dövləti, inamlı xalqı və sarsılmaz iradəsi ilə gələcəyə ümidlə baxan bir ölkədir. Keçmişin ağrıları unudulmur, lakin bu gün Azərbaycan o ağrıların üzərində daha qüdrətli və parlaq gələcəyini inşa edir”.