BAKI, 20 mart. TELEQRAF
"Novruz və Ramazan bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm".
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.
"Azərbaycanla bağlı xatirələrim, bu ölkənin mədəniyyəti və insanları ilə qurduğum dostluqlar həyatımın ən dəyərli mərhələlərindən birini təşkil edir. Beş il ərzində Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə - məmurlar, millət vəkilləri, incəsənət və mədəniyyət nümayəndələri ilə yaxın ünsiyyət və əməkdaşlıq qurmaq mənim üçün həm böyük şərəf, həm də unudulmaz təcrübə olub. Novruzun gətirdiyi yenilənmə, ümid və həyat enerjisi ilə Ramazanın bəxş etdiyi mərhəmət, paylaşma və mənəvi saflıq eyni ruhda birləşərək cəmiyyətə xüsusi bir gözəllik qatır. Azərbaycan xalqının öz ənənələrinə bağlılığı, milli dəyərlərə verdiyi önəm və səmimi insan münasibətləri hər zaman böyük hörmət və rəğbət doğurur. Bu dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi ölkənin həm mənəvi, həm də ictimai gücünü daha da artıracaqdır. Bu bayramların hər bir ailəyə sevinc, hər bir ürəyə rahatlıq və hər bir evə bərəkət gətirməsini arzulayıram. Eyni zamanda, Azərbaycan xalqına sülh, rifah və uğur dolu bir gələcək diləyir, iki qardaş ölkə olan Azərbaycan-Türkiyənin dostluq və əməkdaşlıq bağlarının daha da möhkəmlənəcəyinə inanıram",-deyə S.Karakılıç əlavə edib.