BAKI, 16 mart. TELEQRAF

ABŞ-də keçirilən 98-ci “Oskar” mükafatlandırma mərasimində ilin ən yaxşı aktyor və aktrisası nominasiyalarının qalibləri açıqlanıb.

Teleqraf xəbər verir ki, Kino Sənətləri və Elmlər Akademiyası tərəfindən keçirilən mərasimdə “Ən yaxşı qadın rolu” nominasiyasında qalib “Hamnet” filmindəki roluna görə irlandiyalı aktrisa Cessi Bakli olub. O, bu mükafatı qazanan ilk irlandiyalı aktrisa kimi tarixə düşüb.

"Ən yaxşı ikinci plan aktrisa" nominasiya üzrə Emi Mediqanın oynadığı “Weapons” filmi qalib olub.

“Ən yaxşı kişi rolu” nominasiyasında isə amerikalı aktyor Maykl B. Cordan “Günahkarlar” (Sinners) filmindəki performansına görə “Oskar” mükafatına layiq görülüb. O, filmdə Smouk və Stek adlı iki qardaşı canlandırıb.

"Ən yaxşı ikinci plan aktyor" nominasiyası üzrə Sean Penn “One Battle After Another” filmi üzrə qalib gəlib.

“Ən yaxşı rejissor” nominasiyasında mükafat “Döyüşdən sonra döyüş” (One Battle After Another) filminə görə Pol Tomas Andersona təqdim edilib.

“Ən yaxşı beynəlxalq film” nominasiyasında Norveç istehsalı olan “Sentimental Value” filmi qalib olub.

“Ən yaxşı operator işi” nominasiyasında isə “Günahkarlar” filminin operatoru Autumn Durald Arkapou mükafata layiq görülüb. Bununla da o, bu nominasiyada “Oskar” qazanan ilk qadın operator kimi tarixə düşüb.

"Ən yaxşı vizual effekt" nominasiyası üzrə "Avatar: Fire and Ash" filmi, "Ən yaxşı orijinal musiqi" nominasiyasında "Ludwig Göransson" (Sinners) filmi, "Ən yaxşı animasiya" film nominasiyası üzrə isə "KPop Demon Hunters" filmi mükafat qazanıb.

Məlumata görə, “Ən yaxşı montaj” mükafatını “Döyüşdən sonra döyüş” filminə görə Endi Yurqensen qazanıb.

"Ən yaxşı orijinal ssenari" nominasiyasında "Sinners", "Ən yaxşı prodüser dizaynı" nominasiyası üzrə "Frankenstein" filmi mükafata layiq görülüb.

Qeyd edək ki, 98-ci “Oskar” mükafatlandırma mərasimi ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən “Dolby Theatre”də keçirilib. Mükafatlar Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təqdim olunub.