BAKI, 23 fevral. TELEQRAF

Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə “Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi və konfrans keçirilib.

Teleqraf xəbər verir ki, fotosərgi dünyaşöhrətli fotojurnalist Reza Deqatinin Xocalı faciəsini və müharibənin acı nəticələrini əks etdirən müəllif fotolarından ibarətdir.

Sərgidə yer alan sənədli görüntülər faciənin dəhşətlərini dünyaya çatdıran tarixi sübutlar kimi təqdim olunub.

Tədbir Xocalı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəri dəyərlərə qarşı yönəlmiş amansız bir soyqırımı aktıdır. Afət xanım həmçinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlərin bu gün də mühüm nəticələr verdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Prezident Kitabxanası tərəfindən faciəni əks etdirən videoçarx nümayiş edilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Xocalı şahidi Fəridə Cabbarova, şəhid ailəsinin üzvü, DİN polkovniki Almaz Həsənova, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Əziz Boran, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli çıxışlarında Xocalı soyqırımının tarixi kökləri, şahidlərin acı xatirələri, cinayətin hüquqi aspektləri və bu faciənin vizual şəkildə dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər.

Natiqlər həmçinin xalqımızın qan yaddaşına həkk olunmuş bu dəhşətli hadisənin gənc nəsillərə ötürülməsində foto sənətinin müstəsna rolunu vurğulayıblar.

Tanınmış fotojurnalist Reza Deqati çıxışında nümayiş olunan fotoları bir-bir şərh edərək, hər bir kadrın Xocalı faciəsinin dünyaya çatdırılmasındakı müstəsna rolundan bəhs edib. Çıxış zamanı, həmçinin həmin görüntülər əsasında hazırlanmış qısa videoçarx da nümayiş olunub.

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında bəstəkar Oqtay Rəcəbovun “Adın tarix oldu, Xocalı” kompozisiyası və Nərmin Nərimanlının ifasında “Vətən” mahnısı səsləndirilib.

Qeyd edək ki, Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi fevralın 28-dək hər gün saat 10:00-dan 17:00-dək ictimaiyyət üçün açıqdır.

Giriş sərbəstdir.