BAKI, 23 fevral. TELEQRAF
Türkiyədəki Antalya Xalq Kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı zəngin kitab kolleksiyası bağışlanıb və sərgi açılıb.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliğinə yönəlmiş layihələri çərçivəsində Türkiyənin aparıcı kitabxanalarına həm ana dilimizdə, həm də Türkiyə Türkcəsində Azərbaycana dair nəşrlər hədiyyə etməkdədir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyədəki Antalya Xalq Kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı zəngin kitab kolleksiyası bağışlanıb və sözügedən nəşrlərin sərgisi açılıb.
Kitab kolleksiyasına Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ölkəmizin nailiyyətləri, klassik Azərbaycan ədəbiyyatı haqqında nəşrlər, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi çərçivəsində Türkiyə Türkcəsinə tərcümə və nəşr olunmuş kitablar daxildir.
Sərginin açılışında çıxış edən Antalya Vilayət Mədəniyyət və Turizm Müdürlüyü kitabxanalar bölüm müdiri Ahmet Levent Bayar, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Xalq Kitabxanasının müdiri Muharrem Dal və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəyinin rəhbəri Azər İsmayıl Antalyanın əsas kitabxanasına Azərbaycanla bağlı nəşrlərin hədiyyə olunmasının Azərbaycanın qardaş ölkədə tanıdılması istiqamətində, habelə ölkəmizə maraq göstərən hər bir oxucu üçün maraqlı və faydalı olacağını bildiriblər.
Nəşrlərin Azərbaycan, onun tarixi, mədəniyyəti və klassik irsinin daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıdığını vurğulayıblar.
Gələcəkdə layihənin davam etdiriləcəyi, Antalya Xalq Kitabxanasındakı Azərbaycan bölümünün yeni nəşrlərlə zənginləşdiriləcəyi bildirilib.