BAKI, 23 yanvar. TELEQRAF
Türk Dövlətləri Təşkilatının ortaq əlifba ilə bağlı qərarı Türk dünyasının yaxın tarixində strateji məzmununa görə xüsusi yer tutur.
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
O bildirib ki, bütün Türk respublikalarının bu məsələdə ortaq mövqedə birləşməsi sadəcə texniki razılaşma deyil, ortaq gələcək anlayışının açıq bəyanıdır:
"Bu qərar göstərir ki, Türk dünyası artıq eyni kökləri paylaşmaqla kifayətlənmir, eyni gələcəyi də birlikdə qurmaq niyyətindədir. Ortaq əlifba məsələsi, illərdir müxtəlif platformalarda müzakirə olunan, lakin bu gün real siyasi iradə ilə dəstəklənən nadir mövzulardandır. Qərarın qəbul edilməsi Türk Dövlətləri Təşkilatının siyasi çəkisinin artdığını və inteqrasiya proseslərinin yeni mərhələyə keçdiyini təsdiqləyir.
Ortaq Türk əlifbası ideyasının tarixi kökləri 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayına dayanır. Həmin qurultayda Türk dünyasının görkəmli alim və ziyalıları vahid yazı sistemi ətrafında birləşməyin zəruriliyini açıq şəkildə ifadə etmişdilər. Bu təşəbbüs, Türk xalqlarının mədəni və zehni bütövlüyünü qorumağa yönəlmiş strateji baxışın məhsulu idi. Lakin XX əsrdə baş verən siyasi parçalanmalar, ideoloji baryerlər və xarici təsirlər bu iradənin tam reallaşmasına mane oldu. Fərqli əlifbalar zamanla Türk dünyasında yalnız yazı fərqləri yaratmadı, həm də anlayış və düşüncə məsafələrini dərinləşdirdi. Bugünkü ortaq əlifba qərarı 1926-cı ildə Bakıda atılan addımın tarixi davamı kimi qiymətləndirilməlidir".
Səlçuk Karakılıçın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasına yanaşması bu prosesin ideoloji əsaslarını aydın şəkildə ortaya qoyur: "Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Türk dünyası bizim ailəmizdir” fikri ortaq əlifba qərarının mahiyyətini izah edən açar ifadədir. Ailə anlayışı ortaq dəyərlər, ortaq dil və ortaq yaddaş deməkdir. Məhz bu baxış bucağı ilə Azərbaycan Türk dünyasında inteqrasiya proseslərinin lokomotivlərindən birinə çevrilib.
Ortaq əlifba qərarının məhz bu dövrdə gündəmə gəlməsi təsadüfi deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dünyası ilə bağlı mövqeyi isə bu prosesə qlobal miqyas qazandırır. Prezident Ərdoğan çıxışlarında dəfələrlə vurğulayıb ki, Türk dünyası təkcə coğrafi məkan deyil, ortaq taledir". Onun “Türk dünyası ilə münasibətlər bizim üçün strateji seçimdir” məzmunlu yanaşması, ortaq əlifba təşəbbüsünün siyasi dayaqlarını gücləndirir.
Səlçuk Karakılıç hesab edir ki, ortaq əlifba ilk növbədə Türk dünyasında zehni inteqrasiyanı sürətləndirəcək: "Müxtəlif ölkələrdə yazılan kitablar, elmi məqalələr, rəsmi sənədlər və media məhsulları daha geniş coğrafiyada oxunaqlı olacaq. Bu isə ortaq informasiya məkanının formalaşmasına şərait yaradacaq.
Bu qərar təhsil sistemlərinin yaxınlaşmasına, ortaq dərslik və akademik proqramların hazırlanmasına, media və nəşriyyat sahəsində əməkdaşlığın artmasına, rəqəmsal platformalarda Türk dillərinin güclənməsinə imkan verəcək. Təhsil sahəsində ortaq əlifba Türk dünyasında yeni nəslin formalaşmasına birbaşa təsir göstərəcək".