BAKI, 16 noyabr. TELEQRAF

"Kino Agentliyi Ekspert Şurasının qərarının səbəblərini və əsaslandırıcı hissəsini istədiyimiz sorğuya cavab aldıq, həmin rəsmi məktubla tanış olduq. Məktubda bildirilir ki, Apellyasiya komissiyası Ekspert Şurasının qiymətləndirməsini məqbul sayıb. Müəllimlərimiz bizə öyrədiblər ki, kino sadə suallara verilən sadə cavablardan ibarətdir, amma nədənsə bu dəfə bizə sadə cavab verən yoxdur".

Teleqraf xəbər verir ki, bu sözləri aktyor Ziya Ağa Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) müraciətinə aldığı cavabı şərh edərkən deyib.

O xatırladıb ki, ARKA müsabiqənin yekununu artıq ictimaiyyətə elan edib: "Bizim sorğumuz faktın təsdiqi deyil, onun əsaslandırılması ilə bağlı idi. Yaxşı, daha sadə dildə yazaq ki, bir-birimizi anlaya bilək. Biz seçilməmişik, bunu soruşmuruq. Biz niyə seçilməmişik - bunu soruşuruq. Biz istəyirdik ki, münsiflər layihəmizdə hansı məqamı zəif gördülər, hansı detal sual yaratdı, hansı bənddə büdrədik, bunu bilək. Əgər bu sənətin pərdəarxası varsa, o pərdənin arxasında nə baş verdiyini anlamaq bizim hüququmuzdur".

Ziya Ağanın sözlərinə görə, ARKA dövlət qurumudursa, demək, qərar qəbuletmə prosesində şəffaflıq vacibdir: "Bizim məqsədimiz anlamaqdır. Bir daha deyirik, faktın yenidən elanını yox, səbəbi bilmək istəyirik".

Qeyd edək ki, “Tanrının otağı” filmi bu il ARKA-nın “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsində qaliblər siyahısına düşməyib.

Filmin müəllifləri ARKA-ya müraciət edərək müsabiqədən kənarda qalmalarının səbəbini izah etməyi istəyiblər.