BAKI, 23 sentyabr. TELEQRAF
"Ürəyimə iki stent qoyulub və səhhətim normaldır. Üç gün əvvəl xəstəxanadan evə buraxılmışam".
Bunu Teleqraf-a Xalq artisti Eldost Bayramov səhhəti haqqında danışarkən deyib.
"2013-cü ildə də ürəyimə iki stent qoyulmuşdu. Bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat edildim və ürəyimə əlavə iki stent də qoyuldu. Hazırda ev şəraitində müalicəm davam edir. Müşahidə altındayam, həkimlərlə mütəmadi əlaqə saxlanılır", - deyə Xalq artisti əlavə edib.
Qeyd edək ki, Eldost Bayramovun 78 yaşı var. O, 2006-cı ildə "Əməkdar artist" fəxri adına, 2008-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına və həmin il Azərbaycan Respublikasında televiziya və radio sahəsindəki xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.
Xatırladaq ki, bu haqda ilk xəbəri Qafqazinfo.az saytı yayıb.