
BAKI, 10 aprel. TELEQRAF
Azad Azərbaycan Televiziyasının sabiq prezidenti, Bakı Dövlət Universitetinin şərqşünaslıq kafedrasının müdiri, Əməkdar jurnalist Vüqar Qaradağlı "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Vüqar müəllim, soyadınızdan başlamaq istərdik. Qaradağ toponimi Azərbaycanın müxtəlif bölgələrində, hətta Abşeronda da var. Sizin soyad hansı bölgədən qaynaqlanır, Ağdamın Qaradağlısından? Atanızın Qubada doğulduğu haqda da oxumuşuq.
- 1747-ci ildə Cənubi Azərbaycanda Qaradağ xanlığı yaranıb, son xanı Məhəmmədqulu xan Qaradağlı olub. Məhəmmədqulu xan Ustaclı elinin Toxmaqlı oymağının başçısı idi. Vaxtilə Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində böyük rol oynamış Toxmaqlı oymağı Şah İsmayıl tərəfindən qiymətləndirilir və Sivasdan Cənubi Azərbaycana köçdükdə, İsfahanda taxta oturanda Şah İsmayıl ona Qaradağ mahalını bağışlayır. Məhəməmmədqulu xanın babaları Qaradağ mahalının sultanı olublar. Sultanlıq sonradan xanlığa çevrilib.
Rus-İran müharibəsi zamanı Qaradağ xanı Məhəmmədqulu xanın şahzadə Abbas Mirzə ilə münasibətləri düşmən səviyyəsində olur, müharibədə onun əleyhinə iştirak edir. Rusiyanın qələbəsindən sonra indiki Şimali Azərbaycan İrandan ayrılıb Rusiyanın tərkibinə keçir. Xanlığın son xanı Məhəmmədqulu xan Qaradağlı da Şimali Azərbaycana köçür, Şuşada məskunlaşır.
Məhəmmədqulu xanın nəvəsi Həsənəliağa mənim ulu babamdır. Şuşada yaşayan Həsənəliağa xan Mir Mövsün Nəvvabın təşkil etdiyi "Məclisi-Fəramuşan"ın ən fəal üzvlərindən idi, Nəvvabla Həsənəliağa xan məktublaşır, şeirləşirdilər. Mir Mövsün Nəvvabın Həsənəliağa xana yazdığı qəzəl və nəzirələr də var. Bax həmin Həsənəliağa xanın oğlu Çingizxan mənim babamdır.
Məndə Həsənəliağa xanın pasportu var. Orada adı Həsənəliağa xanın soyadı "Karadakski" kimi göstərilib. O zamanlar hamının pasportu olmurdu, yeri gəlmişkən, "bazburutlu" ifadəsi də burdan gəlir, yəni pasportlu, hörmətli, nüfuzlu... 1895-ci ildə Həsənəliağa xanın 48 yaşı olduğu göstərilir.
Həsənəliağa xanın üç oğlu, bir qızı varmış. Onun oğlanlarından biri Çingizxan mənim atam Aydın Qaradağlının atasıdır. Əvvəl Şuşada məskunlaşıblar, sonra Ağdama köçüblər. Çingizxan Ağdam şəhər Dövlət Dram Teatrının direktoru işləyir, rejissorluq və aktyorluqla məşğul olur. Hətta "Əsli və Kərəm"də də oynayıb, gözəl səsi varmış.
Mən Çingizxanı görməmişdim, o, vəfat edəndə üç yaşım olub. Daha sonra babam Çingizxan Ağdamdan Bakıya köçür, Xırdalanda yaşayır. Çingizxan Karadakski soyadını Qaradağlı kimi tərcümə edərək yazdırıb.
O ki qaldı atamın Qubada doğulmasına, bu sırf məişət məsələsidi. Yayda nənəmgil Qubaya istirahətə gedib, atam da orada anadan olub. Sənəddə doğum yeri Quba yazılıb.
- Radio diktoru olan atanız Aydın Qaradağlı haqqında hansı xatirələriniz var? Zəhmli səsi vardı...
- Zəhmli də insanıydı. Mən atamı çox görməmişəm, on üç yaşım olanda rəhmətə getdi. Bir şey deyim ki, onun radio səsi həyatdakı adi səsinin eyni deyildi. O, efirdə mətni zəhmli intonasiyada oxuyurdu, evdə-eşikdə, həyatda başqa, daha mülayim səslə danışırdı. Bu qabiliyyət, ikisəslilik hər adamda olmur. Atam diktor kimi efirə çıxanda səsini dəyişirdi. Efir səsi üzərində işləyir, onu lazımi məcraya yönəldirdi.
- Vüqar müəllim, müxtəlif sahələrdə fəaliyyət göstərmisiz: şərqşünaslıq, qəzetçilik, televiziya sahəsi. Bu müxtəlifliyin yəqin bir izahı var...
- Həyatın gərdişi deyərdim... İxtisasca ərəbşünasam. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirmişəm. Bu fakültəni anamın tövsiyəsi ilə seçmişəm. Cəfər Cabbarlının qardaşı qızı olan anam Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
Tələbəlik illərində ictimai həyatda fəal idim, universitetin komsomol katibi idim. Təşkilatın sonuncu katibi mən oldum və onun bağlanması haqda qərarı da mən verdim. Fəal tələbə kimi məni Bakı Dövlət Universitetində saxladılar. Öncə laborant, sonra isə müəllim kimi fəaliyyət göstərdim. Elmi rəhbərim olan Vasim Məmmədəliyev məni Qurani-Kərimin tərcüməsi işinə cəlb etdi. Quranın 17 nəşrinin redaktoruyam.
- Maraqlıdır, Qurani-Kərimin Azərbaycan dilinə tərcümə etmək ideyası necə yarandı? Sizin redaktorluğunuzu kim təklif etdi?
- Qeyd etdiyim kimi, məni Quranın tərcüməsinə Vasim Məmmədəliyev cəlb etdi. 1991-ci il idi, universiteti yenicə bitirmişdim. Quran təzəcə nəşr edilmişdi, Vasim müəllim məni kitabı nəşr edən "Azərnəşr"in o zamankı direktoru mərhum Əjdər Xanbabayevin yanına göndərdi. Gedib nəşriyyatdan kitabı götürdüm. Vasim Məmmədliyev universitetdə yox idi və Quran üç-dörd saat məndə qaldı.
Kitaba baxanda bəzi xətalar gördüm. Onda universitetdə laborantıydım, sonra tədris hissəsinin böyük inspektoru kimi fəaliyyət göstərdim. Qısası, kitabda bəzi xətalar və gözdən qaçan məqamları aşkarladım. Vasim Məmmədəliyev qayıdanda kitabı ona verdim. O da siqnal nüsxəni görüb çox sevindi. Onda heç kitabın redaktoru da yox idi. Sonra Vasim müəllimlə söhbətləşdik, dedi, xətaları düzəltmək lazımdır.
- Hansı xətəlar vardı?
- Müxtəlif. Bəziləri kiçik, texniki xətalardı, amma düzəldilməliydi, mən də düzəltməyə başladım. 1994-cü ildə Rizvan Dəmirli adlı bir xeyriyyəçi Ukraynadan Bakıya gəlmişdi. Vasim müəllimə dedi ki, Qurani-Kərimi Azərbaycan və ərəb dillərində nəşr etdirmək istəyir. Vasim müəllim məni də bu işə cəlb etdi. Mən Kiyevə getdim, orada kitabın Kiyev çapında 2000-ə yaxın xətaya düzəliş etdim.
Qurani-Kərimin tərcüməsi üzərində Vasim Məmmədəliyev 1980-ci illərin sonlarında işləməyə başlamışdı. 1991-ci ildə ilk nəşrdə redaktor kimi mənim adım yox idi. Fikrimcə, Quranın tərcüməsinin ən gözəl nəşri 1996-ci il "Qismət" nəşriyyatında çap edilən kitabdır.
- Özünüz dindar insansınızmı? İslam dininin qaydalarına riayət edirsinizmi?
- Dindar insan necə olur, bilmirəm. Haram işlə məşğul deyiləm, pis işlər görmürəm, yalan danışmıram. Ümumbəşəri dəyərlərə üstünlük verirəm. Oruc da tuturam...
- Quranın Azərbaycan dilinə müxtəlif tərcümələri var. İlk nəşr olunan tərcümələrdən biri Nəriman Qasımoğluna məxsusdu. Sonra başqa tərcümələr də meydana gəldi. Bu tərcümələr arasında hansına üstünlük verirsiniz?
- Mən Vasim Məmmədəliyev və Ziya Bünyadovun tərcüməsində, redaktoru olduğum nəşrə üstünlük verirəm. Bununla belə, gözəl şərqşünas alimimiz Nəriman Qasımoğlunun özünəməxsus şəkildə işləyib hazırladığı Quranın tərcüməsinin də qiymətləndirilməsinə tərəfdaram. Onun tərcümə üslubu fərqli və orijinaldır.
- Verdiyimiz sualın bir hissəsi qaldı: 1980-ci illərin sonunda Azərbaycanda Qurani-Kərimin tərcümə edilməsi təşəbbüsü necə başladı?
- Məsələnin kökü daha əvvələ, 1960-cı illərə gedib çıxır. Sonralar Teleradio Verilişləri Komitəsinin sədri olan Teymur Əliyev - yeri gəlmişkən, Azərbaycan televiziyasının çiçəklənmə dövründə onun çox xidmətləri olub - 1960-cı illərin ikinci yarısında Mərkəzi Komitənin şöbə müdiri olarkən Quranın Azərbaycan dilinə tərcümə olunması barədə təşəbbüslə çıxış edir.
O zamanlar Moskvada İqnati Kraçkovskinin Quranın rus dilinə tərcüməsi çapdan çıxmışdı.
Bir məqamı da demək istəyirəm: Kraçkovskinin tərcüməsi hərfi, filoloji, sətri tərcümədi, onu kitab kimi oxumaq qeyri-mümkündü. Kraçkovski Quranı tələbələrinə mühazirə zamanı istifadə eləmək üçün tərcümə edibmiş. Yəni o, öz tərcüməsini kitab kimi nəşr etdirməyi düşünmürmüş.
- Ancaq Quranı tam tərcümə edib...
- Bəli, tam tərcümə edib. Kraçkovskinin tərcüməsində Quranı anlamaq çətindir. Çünki onun Qurana yanaşma tərzi fərqli olub. Quran filoloji əsər olmaqla yanaşı, ən başlıcası, dini mətndir. O isə, qeyd etdiyim kimi, sətri tərcüməyə üstünlük verib.
Həmin dövrdə Azərbaycanda da Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi gündəmə gəlir. Bildiyimə görə, bu iş görkəmli alim Əli Fəhmiyə tapşırılır. Bu işə o, Vasim Məmmədəliyevi də cəlb edir, birgə Quranın müəyyən hissəsini, yəni 13-cü surəyə qədər tərcümə edirlər.
Amma tərcümə başa çatdırılmır, yarımçıq dayandırılır. Nəhayət, 1988-ci ildə yenidən Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə icazə verilir. Rəşid Mahmudov və Əjdər Xanbabayevin təşəbbüsü ilə Ziya Bünyadovla Vasim Məmmədəliyevə müraciət edilir, bu iş yenidən bərpa olunur.
Hətta mənim sonradan nəşr etdirdiyim "Qurani-Kərim: latın qrafikası ilə fonetik transkripsiyası (təcvidli, vurğulu)" kitabı da Rəşid Mahmudovun təşəbbüsü ilə ərsəyə gətirildi.
- Adətən, universitetin şərqşünaslıq fakültəsini bitirənlər diplomatiya sahəsinə cəlb olunurdular. Siz isə mətbuata, televiziya sahəsinə yönəldiniz.
- 1990-cı ildə 20 Yanvar faciəsində üzvü olduğum kommunist partiyasının biletini atdım. Həmin il Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunu oldum. Yayda kommunist partiyasının yenidən bərpasına cəhd olundu. Ancaq bu dirçəlmə çətin proses idi. Bakıda 20 Yanvar faciəsi olmuşdu, hərbi vəziyyət elan edilmişdi. Artıq başa düşürdüm ki, SSRİ dağılmaq üzrədir. 20 Yanvar faciəsindən sonra Bakı Dövlət Universitetində katibi olduğum komsomol təşkilatını da, belə desək, bağlatdırdım.
O vaxt Azərbaycan Sovet Sosialist Respublikası Xarici İşlər Nazirliyi var idi. Nazir Hüseynağa Sadıqov idi. Səlahiyyətsiz bir qurum idi. Ştatında on nəfərə yaxın işçi çalışırdı. Hələ diplomumu universitetdən almamışdım. Getdim nazirliyə, nazir müavini ilə görüşdüm. Dedim, burada işləmək istəyirəm. Cavab verdi ki, axı, biz heç kimi işə götürmürük.
Soruşdu, hardan gəlmisiniz, kimsiniz? Özüm haqqında məlumat verdim, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini təzəcə bitirdiyimi, hələ diplomumu almadığımı, iş üçün ilk olaraq bura müraciət etdiyimi dedim. Məndən o zamanlar işə götürmək üçün vacib sənədlərdən olan şəxsi uçot vərəqini istədi, təqdim etdim. Dedi, üç gün sonra gələrsiniz.
Təkrar gedəndə soruşdu ki, siz kommunist partiyasının üzvüsünüz? Xeyr deyəndə qayıtdı ki, axı, partiyanın üzvü olmusunuz... Cavab verdim ki, bəli. Məlumdur, haqqımda hər şeyi, o cümlədən partiya sıralarını tərk etdiyimi də öyrənmişdilər. Bunu da bəhanə edib, məni işə götürməkdən imtina elədilər.
Sonralar sevindim ki, alınmadı. Başqa fəaliyyətlərə yönəldim. Dostum mənə yeni yaranacaq televiziyada çalışmağı təklif etdi. Mən də "Lider" televiziyasının yaranmasında xidmət göstərdim. Orada yeddi il baş direktor kimi fəaliyyət göstərdim.
- Dostunuz kim idi?
- Tələbə yoldaşım Ədalət Əliyev.
- "Lider" televiziyasından getməyinizin səbəbi, tarixçəsi nə idi?
- Belə məsləhət oldu, getdim.
- O vaxt "Bizim əsr", "Naş vek" qəzetlərinin də baş redaktoruyduz.
- Bəli, "Bizim əsr"i mən yaratmışdım. Bilmədiyim sahə idi, amma zənnimcə, öhdəsindən gələ bildik. Ata-anamın, bacımın hesabına televiziya sahəsinə yaxın olsam da, fərqli bir sferada, inzibati, quruculuq işi ilə məşğul olmaq çətin idi.
- 2012-ci ildən 2017-ci ilə qədər Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin - ATV-nin prezidenti oldunuz...
- Bu vəzifə mənə təklif ediləndə yox demədim. Ümumiyyətlə, xaraktercə sıfırdan yaratmağı xoşlayıram. "Azad Azərbaycan" isə kifayət qədər tanınmış kanal idi, reytinqi yüksək idi. Mənim qarşımda böyük vəzifə dururdu, reytinqi saxlamaq və artırmaq. Buna nail oldum, amma çox çətin məsələ idi.
Siz də bilirsiniz ki, reytinq nəyin və hansı verilişlərin hesabına qalxır... O kimi verilişlərdən imtina etməklə reytinqi saxlamaq hər adamın işi deyildi. Qoyulan məqsədə doğru gedirdik və kanalda müəyyən məsələləri də həll edə bilmişdik.
- Vüqar müəllim, müsahibənizin birində qeyd etmisiniz ki, siz ATV-yə gələndə nə ştat var idi, nə də departament...
- Xeyr, elə deməmişdim. Mən demişdim ki, ATV-yə rəhbər təyin ediləndə artıq reytinqli kanal kimi fəaliyyət göstərirdi, amma texniki avadanlığı sıfır səviyyədə idi. Studiyaları çox gözəl idi, amma kompüterləri köhnə, bina təmirsiz idi. Orada böyük işlər görməli olduq. "Ford Boyard" kimi verilişi təqdim etmişdik. Beynəlxalq lisenziyalı layihə idi.
"Lider"də "Milyonçu", "Zəif bənd" layihəsini yəqin xatırlayırsız. Bu layihələr üçün yüksək məbləğ lazım idi. "Fort Boyard"ın məbləğini ödəmək hər kanalın iş deyildi.
Hazırda İctima televiziya çox keyfiyyətli verilişlər təqdim edilir. Amma onu da unutmayaq ki, İctimai televiziya büdcəli kanaldır. Onların büdcəsi dövlət tərəfindən ödənilir.
- Hazırda lisenziyalı layihələr əvvəlki qədər diqqət çəkmir və izlənilmir. Bu haqda nə deyə bilərsiniz?
- Axı, indi internet dövrüdür. Bu gün mənə lazım olan məlumatı televiziyadan yox, internetdən əldə edirəm. Bu gün televiziya qəhrəmanlıq göstərməlidir ki, tamaşaçı izləsin. Ona görə deməzdim ki, bu onların bacarıqsızlığıdır. Mən deyərdim ki, səbəb internet resurların daha da inkişaf etməsidir. Nə zamansa televiziya internet resurslarından faydalansa və özünə yer tapsa, o zaman daha yaxşı izləniləcək. Bu gün tamaşaçının seçimi öz əlindədir.
- Sizin ATV-dən uzaqlaşmağınızda aparıcı Turan İbrahimovun verilişdə dediyi fikirlərin təsiri olubmu?
- Mən belə deyim: işdən getməyimin səbəbi müəyyən məsələlərin vaxtından əvvəl həll edilməsinə çalışmağımız idi. Bizim dediklərimizin hamısı həyata keçdi. Biz dövlətimizə, prezidentimizin apardığı siyasətə maneçilik törədənləri diqqətə çıxarmışdıq. Sadəcə vaxtından tez söyləmişdik!
Zamanı qabaqladıq və bu bizim səhvimiz oldu. Əslində, səhv də deməzdim, əgər bu səhv olsaydı, bu gün də başqa bir stolda olardım. Deməli, düz demişəm. Həyatdır və heyfsilənməli deyiləm. Ərəbşünasam, öz sahəmdə çalışıram. Ruhdan düşməmişəm.
- Bir professional kimi telekanalların hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Desəm, fikirlərimi düzgün qəbul etməzlər. Deyərlər, özünü işdən çıxarıblar, bizə dərs verir. Yalnız bir şeyi qeyd edərdim ki, televiziyaların problemi onların ixtisaslaşmamasıdır. Bu gün ən keyfiyyətli iş təqdim edən kanal İTV-dir. Çünki onların vəzifəsi var: ictimai olmaq, bu işi də bacardıqları qədər həyata keçirirlər. Dövlət büdcə ayırır, onlar da büdcədən səmərəli şəkildə istifadə edərək keyfiyyətli iş təqdim edirlər. Bu faktdır. Digər büdcəli kanallar da var, amma bu işləri görmürlər.
Özəl kanalların isə reklamı olmalıdır. Reklam televiziyanın nəfəsidir. Özəllərin başqa gəlir yeri yoxdur. Ona görə məcbur olub, bayağı verilişlərə əl atırlar. Onlar buna məhkumdurlar. Özəl kanallar ya bağlanmalıdır, ya da işi qaydasınca aparmalıdırlar. Başqa yolu yoxdur. Reklam olmadığı halda özəl kanalların inkişafından söhbət gedə bilməz.
- Hazırda ATV kanalını izləyirsinizmi və keyfiyyət baxımından səviyyəsini necə dəyərləndirirsiniz?
- Açığını deyim ki, heç bir kanala baxmıram. Bəzən özümün iştirak etdiyim verilişlər istisna... Televiziyaları izləməyə vaxtım da yoxdur.
- Hazırda Bakı Dövlət Universitetində fəaliyyətinizə davam edirsiniz.
- Bəli, Ərəb filologiyası kafedrasının müdiriyəm. Filologiya üzrə elmlər doktoruyam. Öz işimlə məşğulam. Yeni kitablarım nəşr ediləcək.
- Siyasətlə məşğul olmağı düşünürsünüzmü? Millət vəkili olmaq...
- Xeyr, düşünmürəm. Mən iqtisadçı, yaxud hüquqşünas deyiləm. Mənim aləmimdə Milli Məclisdə peşəkar iqtisadçı, hüquqşünaslar olmalıdır. Mən isə ərəbşünasam. Milli Məclisdə müğənnilərin, əməkdar artistlərin, xalq artistlərinin təmsil olmasının da əleyhinəyəm, amma bir söz deyə bilmərəm. Sadəcə insan özü başa düşməlidir ki, onun orada yeri var, yoxsa yox! İnsana çox vəzifə və rütbə təklif edilə bilər. Amma layiqdirmi, ya yox, bunu bilməyi lazımdır.
- Vüqar müəllim, vəzifədən uzaqlaşdıqdan sonra bəzi insanlarda depressiya yaranır. Siz belə bir "dalğa"ya düşdünüzmü? Yaxud sizə qarşı münasibəti dəyişən dostlarınız oldumu?
- Əlbəttə, elə dostlarım oldu. İnsanıq da, bir ölkədə yaşayırıq. Bizim millətin üstün cəhətlərinin çox olmasına rəğmən mənfi cəhətləri də var. Mənfi cəhətlər özünü göstərməlidir... Biz bununla mübarizə aparmayacağıq. Necə varsa, barışmalıyıq.
Depressiyaya düşməyə gəlincə, əsla bunu özümdə hiss etməmişəm. İnsanıq, ola da bilər, adam yaşa dolur, özündə nəsə fərqli şeylər hiss edir. Mən özümə qapanmamışam və işimlə məşğulam.
- Bəs, vəfasız dostlarınız varmı?
- Var.
- Necə düşünürsünüz, yenidən vəzifəyə təyin edilsəniz, vəfasız dostları qəbul edərsiniz?
- Bu cür hal olub, olur, olacaq. Mən "Lider" televiziyasında vəzifədə olmuşam, getmişəm, sonra təkrar vəzifəyə təyin edilmişəm. Bu situasiyanı yaşamışam. Kimi gedib, kimi qalıb... Bizim də səhvlərimiz olub. İnsan səhv edir. Kim deyə bilər ki, hər zaman etdiyi hərəkəti düzdür?
- Vüqar müəllim, vəzifə gözləntiniz varmı?
- Vəzifə gözləntisi haqda nəsə söyləmək çətindir. Axı, insan özü-özünü vəzifəylə təmin etmir. Hazırda işləyirəm, vəzifəm də var. BDU-da kafedra müdiriyəm. Mən işə köklənən insanam. "Bəlkə də qaytardılar" ümidi ilə yaşayanlardan deyiləm.
- Mətbuatda bir çox mülklərinizin, villalarınızın, avtomobillərinizin, hətta Amerikada mənzillərinizin olması haqda xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?
- Xeyr, təqdim edilən siyahı doğru deyil. Qızım Amerikada təhsil alır, orada kirayədə yaşayır. Amerikada evim olsaydı, öz mənzilimdə yaşayardı. Siyahı çox gülməli idi. Ondan sonra bəzi dövlət strukturları bu işlə maraqlandılar, məndən həmin siyahının izahatını istədilər. Mən siyahının izahatını verdikdən sonra hər şey bəlli oldu. Məsələn, mən heç vaxt "Mercedes" markalı avtomobil sürməmişəm. Amma siyahıda iki "Mercedes"im olduğu iddia edilib, villalar var və sair də eləcə. Türkiyədə də evim yoxdur. Mən gileylənmirəm, kifayət qədər imkanım olub...
- İki övladınız var. Onlar hansı sahədə çalışırlar?
- Biri tələbədir, biri şirkətlərin birində mühəndisdir. Mən maddi imkanlarımı uşaqlarımın təhsilinə sərf eləmişəm.
- Bundan sonrakı arzularınız nədir?
- Sadəcə xoşbəxtlik! Bəlalardan uzaq olmaq istəyirəm. Görürsünüz ki, Cənubi Azərbaycanda nələr baş verir. Oradakılar da bizim soydaşlarımızdır, onlar üçün çətinliklər yarana bilər. Bizim bugünkü həyatımız stabildir. Gecə saat 3-də belə rahat şəkildə şəhərimizi gəzə bilərik. Amma beynəlxalq sahədə çətinlikləri görürəm. İstəməzdim ki, olsun.
- Cənubdakı vətəninizə - Qaradağa getmisinizmi?
- Xeyr, getməmişəm...