TOVUZ, 15 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan” səfərdə “Kəpəz”lə qolsuz heç-heçə edib.

Matçdan sonra “qırmızı-ağlar”ın moldovalı qapıçısı Kristian Avram Teleqraf-a müsahibə verib.

- Səfərdə “Kəpəz”i məlub edə bilməməyinizin səbəbi nə oldu?

- Çətin oyun keçdi. Qələbə qazana bilərdik, amma görüş heç-heçə bitdi. Heç bir halda uduzmazdıq, çünki buna layiq deyildik. Bundan sonra irəli baxıb, növbəti oyunlara hazırlaşmalıyıq.

- “Kəpəz”ə nisbətən sizin qol epizodlarınız az oldu. Bunu nə ilə əlaqələndirirsiniz?

- Belə deməzdim. Bizim çox epizodlarımız oldu. Bir dəfə Vanderson Melonun zərbəsi dirəyə tuş gəldi. Daha birində isə Ramon Maçadonun yaxşı imkanı oldu. Ümumiyyətlə, bir neçə qol şansı yaratdıq, amma yararlana bilmədik. Buna görə də az hücum etdiyimizi deyə bilmərəm.

- “Zirə” sizin heç-heçənizdən maksimum yararlanıb, aradakı xal fərqini 6-ya çıxartdı. Demək olar ki, ikinci pilləyə yüksəlmək şansınız minimuma endi?

- “Zirə”nin ayrı, bizim fərqli yolumuz var. Başqa komandaların necə oynadığına baxmırıq. Biz, sadəcə öz oyunumuza köklənirik. “Araz-Naxçıvan” üçün önəmli olan odur ki, matçlardan qələbə ilə ayrılaq. Doğrudur, “Kəpəz”lə görüşdə bu, alınmadı. Növbəti oyunlara hazırlaşmalıyıq.

- Həm çempionat, həm də kubok yolu ilə avrokuboklara yollanmaq şansınız var. Bu baxımdan komandada arxayınlıq yaranıbmı?

- Hər iki cəbhədə mübarizə apara bilirik. İstəyirik ki, Azərbaycan Kubokunu qazanaq və Avropa Liqasına yollanmaq üçün özümüzə olan inam daha da artsın. Hazırda çempionata köklənmişik. Bərpa olub, növbəti oyunlara yaxşı formada çıxmalıyıq. Heç bir halda avrokuboklara kubok, yoxsa çempionat yolu ilə getməyi seçmirik. Öz vizyonumuz və məqsədimiz var. Ona görə də hər matça qələbə üçün çıxırıq. Kubokda nəyin necə olacağını “Qarabağ”la cavab görüşündə biləcəyik. İndi əsas odur ki, növbəti oyunumuz aprelin 18-də “Turan Tovuz”a qarşıdır. Ona hazırlaşacağıq.

- Kubokda “Qarabağ”a qarşı 1:0 hesablı üstünlüyünüz var. Cavab görüşünə müəyyən rahatlıq var?

- Hesabdan asılı olmayaraq, hazırlıqlı olmalıyıq. Yaxşı nəticə üçün özümüzə əlavə stimul veririk. Yəni, cavab matçına ilk oyun 0:0 olmuş kimi çıxacağıq. Bizi çətin qarşılaşma gözləyir. Hələ bu oyuna qədər zamanımız var. Qeyd etdiyim kimi, növbəti matçımız “Turan Tovuz”a qarşıdır. Kubok oyunu zamanı bu barədə ətraflı danışarıq.

- Özünüz qeyd etmişkən, növbəti oyununuz “Turan Tovuz”a qarşıdır. Son matçda “Sabah”ı məğlub etmələrinə baxmayaraq, komanda eniş dövrünü yaşayır. Rəqibiniz haqqında nə düşünürsünüz?

- Yaxşı və güclü komandadır. Eniş dövründə olduqları ilə razılaşmıram. Bu, jurnalistlərin statistik baxımdan apardıqları dəyərləndirməyə görə belədir. Biz belə mövzulara başqa cür yanaşırıq. Yəni, futbol yönündən baxırıq. Onların fərqli oyun üslubları var. Biz də yaxşı məşqçi heyətinə malikik. Hansı ki, bizə həmin matça yaxşı hazırlamağa kömək edəcəklər.