
BAKI, 14 aprel. TELEQRAF
Ankaradakı Amerikan məktəbində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan geniş təmsil olunub.
Bu barədə Teleqraf-a Türkiyədəki səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi məlumat verib.
Məlumata görə, Ankaradakı müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı Amerikan məktəbində (Ankara Elementary and High school) Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.
Festivalda ölkəmizi Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Beynəlxalq Mədəniyyət Festivalında Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəskitan, Ruminiya, Gürcüstan, Moldova, Qırğızıstan, Koreya, Tacikistan, Kanada, Hindistan və sair ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stendlər təqdim ediblər.
Festival çərşivəsində Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini qurub.
Stenddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim edilib. Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları - şah plov, dolma, ləvəngi, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.
Digər ölkələrin stendlərində də milli mədəniyyətə dair suvenirlər, habelə yemək və şirniyyatlar təqdim edilib.
Tədbirdə Ankarada Amerikan məktəbində təhsil alan və festivalda təmsil olunan müxtəlif ölkələrin şagirdlərinin bayraqlarla keçidi olub, milli geyimlərdə azərbaycanlı şagirdlər də iştirakçılar qarşısında bayrağımızla keçid ediblər.
Sonda Festivalın iştirakçı dövlətlərinin hazırladığı konsert proqramları təqdim edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edib, xalq rəqslərimizin ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, Ankara Beynəlxalq Amerikan məktəbində Mədəniyyət Festivalının əsas məqsədi şagirdlərin müxtəlif xalqların mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış etməkdir.