
BAKI, 15 aprel. TELEQRAF
Ankara Dövlət Konservatoriyasında Türkiyədə tanınmış azərbaycanlı Sərvər Qəniyevin xatirəsi əbədiləşdiriləcək.
Bu barədə Teleqraf-a Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilir ki, Mərkəzin layihəsi ilə Türkiyədə tanınmış azərbaycanlı, Bilkənd Universitetinin professoru, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Azərbaycanın Xalq Artisti Sərvər Qəniyevin adı Hacettepe Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyasında əbədiləşdiriləcək və bununla bağlı Konservatoriyada yeni bir auditoriyaya Sərvər Qəniyevin adı veriləcək.
Auditoriyada Sərvər Qəniyevin həyat və fəaliyyəti, onun Türkiyədə mədəniyyətin tərəqqisində, iki ölkə arasında dostluq-qardaşlıq körpülərinin daha da möhkəmləndirilməsində xidmətləri, habelə Azərbaycan mədəniyyətinə dair guşələr təşkil olunacaq.
Sərvər Soltan oğlu Qəniyev 1937-ci ildə Bakı şəhərində anadan olub. Yaradıcılığı dövründə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripkaçı-solist kimi çalışıb. O, keçmiş sovetlər məkanının bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib.
Sərvər Qəniyev 1993-cü ildən Türkiyə köçüb və ömrünün sonuna qədər Bilkənd Universitetində çalışıb. Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub. Sərvər Qəniyev, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də böyük nailiyyətləri olub. O, Türkiyə Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin qurucusu və solisti olub. Sərvər Qəniyev milli mədəniyyətimizi müxtəlif ölkələrdə də mahir ustalıqla təmsil etməklə, Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan mədəniyyət mərkəzi “Tanınmış azərbaycanlıların izi ilə” layihəsini reallaşdırır.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranla keçirilən görüş zamanı Sərvər Qəniyevin Türkiyənin Bilkent və Hacettepe Konservatoriyalarının qurulmasında və musiqi sənətinin inkişafında xidmətləri nəzərə alınaraq, onunla bağlı sözügedən layihənin həyata keçirilməsi razılaşdırılıb.
Bundan başqa, musiqi təhsili sahəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq əlaqələrinin qurulması, mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə konsertlər, yaradıcılıq görüşlərinin təşkili, qarşılıqlı olaraq tədrisdə bəstəkarlarımızın əsərlərinin repertuara daxil edilməsi ilə əlaqədar birgə iş aparılması razılaşdırılıb.