
BAKI, 11 aprel. TELEQRAF
Bu gün mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında kollektivlə görüşüb.
Nazirlikdən Teleqraf-a bildirilib ki, teatrın fəaliyyətindən danışan nazir qeyd edib ki, bu mədəniyyət ocağı zəngin keçmişi, özünəməxsus sənət ənənələri ilə seçilir. Kollektivin yerli və əcnəbi müəlliflərin əsərləri əsasında hazırladığı tamaşalar ölkəmizdə və xaricdə maraqla qarşılanır.
Nazir çıxışında mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən teatr fəaliyyətinə yeni yanaşmaların zəruri olduğunu bildirib. Qeyd edilib ki, teatr sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi də günün tələbidir. Yeni mədəniyyət strategiyasında bu məsələlər də əksini tapacaq.
Görüşdə teatrın rəhbərliyi və əməkdaşları sənət ocağının fəaliyyəti və ümumiyyətlə, səhnə sənətinin inkişaf istiqamətləri ilə bağlı çıxışları dinlənilib. Gənc aktyorlar üçün mentor dərslərinin təşkili, yaradıcılıq məhsulu ilə bağlı qiymətləndirmə meyarları və s. məsələlərlə bağlı təkliflər səsləndirilib.