BAKI, 8 aprel. TELEQRAF

Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası zamanı iki aktyor arasında gərginlik yaşanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq teatrdan bildirilib.

Məlumata görə, gərginlik rolların müzakirəsi zamanı baş verib.

Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub.

"Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır", - deyə qeyd edilib.

Qeyd edək ki, yayılan məlumata görə, Bədii Şuranın iclası zamanı Xalq artisti Əli Nur başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. Hadisə zamanı xalq artisti Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov mübahisə edənləri hadisə yerindən uzaqlaşdırıblar.

Bu haqda ilk məlumatı Qaynarinfo.az saytı yayıb.