BAKI, 18 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəsinin təşəbbüsü və Cənub Reigonal Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad Rayon İcra Hakimiyyətində “Fövqəladə hallarla mübarizə üzrə birgə fəaliyyət” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli struktur bölmələrinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələri, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili, mülki müdafiənin hazırkı vəziyyəti və digər məsələlər barədə ətraflı məlumat verilib.

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə fövqəladə hallarla mübarizə istiqamətində birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.