BAKI, 24 iyun. TELEQRAF

Uzun illər hesab olunurdu ki, təxminən beş milyard il sonra Günəş genişlənməyə başlayacaq və bu proses zamanı Yer kürəsini udacaq - dünyanın sonu belə olacaq. Amma yeni araşdırma bunun fərqli ola biləcəyini göstərir. İndi alimlər düşünürlər ki, Günəşin ömrünün son mərhələsində baş verəcək proseslər Yeri açıq kosmosa doğru itələyəcək, bu da onun möcüzəvi şəkildə məhv olmaqdan xilas olmasına imkan verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Mail” yazıb.

Elm adamlarının fikrincə, Mars da bu yandırıcı prosesdən xilas olacaq. Ancaq Günəşə ən yaxın iki planet - Merkuri və Venera bu ağır taledən yayına bilməyəcək, qaçılmaz olaraq Günəş tərəfindən udulacaq.

Araşdırmanın baş müəllifi, Leven Universitetinin doktorantı Mats Esselders deyir ki, Yer kürəsinin taleyi iki qüvvə arasındakı incə tarazlıqdan asılıdır. Bunlardan biri Yeri Günəşə doğru çəkəcək qabarma-çəkilmə qüvvəsidir, digəri isə Günəşin genişlənməsi zamanı kütlə itirməsi nəticəsində yaranacaq güclü Günəş küləklərinin əks təsiridir.

“Qabarma-çəkilmənin qarşılıqlı təsirləri üstünlük təşkil etsə, Yer Günəş tərəfindən udulacaq. Günəşin kütlə itirməsi üstün gəlsə, Yer ulduzun radiusundan daha uzaq orbitə çıxacaq”, - Esselders bildirir.

Günəş kimi ulduzlar yalnız daxilində yanacaq kimi istifadə olunan hidrogen ehtiyatı olduğu müddətdə sabit qala bilirlər. Hidrogen kifayət qədər olduqda, nəhəng qravitasiya qüvvəsi nüvədə baş verən nüvə sintezinin yaratdığı əks təzyiqlə tarazlaşır. Amma ulduzun ömrünün sonuna yaxın hidrogen ehtiyatı tükənməyə başlayanda bu tarazlıq pozulur, ulduz sıxılmağa başlayır. Sıxılma nüvəni elə bir temperatura qədər qızdırır ki, helium atomları karbona çevrilərək sintez olunmağa başlayır. Bu proses nəticəsində böyük enerji partlayışı yaranır və ulduzun xarici qatlarında nüvə sintezini işə salır. Xarici qatlar genişlənir və soyuyur.

Genişlənən ulduz Qırmızı nəhəngə çevrilmə mərhələsinə keçir və ölçüsü 100-1000 dəfə artır.

Elm adamları Günəşin dəqiq nə qədər böyüyəcəyini bilmirlər. Amma o, Yerin hazırkı orbitindən kənara çıxmasa belə, bir çox tədqiqatçılar hesab edir ki, planetimizin taleyi artıq bəllidir. Bunun səbəbi Yeri tədricən Günəşə doğru çəkən “qabarma-çəkilmə enerjisinin yayılması” (tidal dissipation) adlandırılan hadisədir.

Günəş genişləndikcə, Yerin qravitasiya qüvvəsi onun səthində kiçik çıxıntı və ya dalğa yaradacaq. Bu, Ayın Yerin okeanlarındakı qabarma-çəkilmə yaratmasına bənzər prosesdir. Bu dalğa planetdən bir qədər geridə qalacaq və onun orbitində sanki əyləc rolunu oynayaraq, tədricən Yerin enerjisini udaraq, Günəşə ötürəcək.

Hələ yaxın vaxtlara qədər alimlər hesab edirdilər ki, bu qabarma-çəkilmə qüvvəsi Günəşin kütlə itirməsi nəticəsində yaranan ulduz küləklərinin əks təsirindən daha güclü olacaq, nəticədə Yer Günəş tərəfindən udulacaq. Amma Mats Esselders və həmkarları söyləyirlər ki, bu nəticə ulduzlarda baş verən qabarma-çəkilmə enerjisinin yayılması prosesinin kifayət qədər dəqiq anlaşılmamasına əsaslanırdı.

Təkmilləşdirilmiş modellərdən istifadə edən tədqiqatçılar göstəriblər ki, bu qabarma-çəkilmə təsirlərinin real gücü əvvəl düşünüldüyündən xeyli zəifdir. Onlar bu qravitasiya hesablamalarını “Günəşin yaşlı qohumu” adlandırılan L2 Puppis ulduzunun kütlə itirməsi ilə bağlı müşahidələrlə birləşdiriblər. Bu, alimlərə Günəş Qırmızı nəhəngə çevrilərkən nə qədər Günəş küləyi yarada biləcəyini təxmin etməyə imkan verib. Bu qarşıdurmada cazibə və itələmə qüvvələrini müqayisə etdikdən sonra tədqiqatçılar belə nəticəyə gəliblər ki, Yerin salamat qalması tamamilə mümkündür.

Araşdırmanın həmmüəllifi Stefan Matis deyir:

“Qabarma-çəkilmə fizikasını daha dərindən anlamağımız və Günəşin kütlə itirməsi barədə əldə etdiyimiz ən müasir məlumatlar bizə deməyə əsas verir ki, indiki bilgi səviyyəsinə görə, Yer əvvəl proqnozlaşdırıldığının əksinə olaraq Günəşdən uzaqlaşa bilər”.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, Yerin taleyi hələ də qəti şəkildə müəyyən edilməyib. Onların sözlərinə görə, yaşamaqla məhvolma arasındakı sərhəd qravitasiya enerjisinin yayılması və Günəşin kütlə itirməsi arasındakı çox həssas tarazlıqdan asılıdır.

Kompüter simulyasiyalarında bu göstəricilərdə cüzi dəyişiklik belə planetin ya Günəşlə toqquşmasına, ya da təhlükəsiz şəkildə açıq kosmosa doğru uzaqlaşmasına səbəb olub.

Yer ilkin çevrilmə mərhələsindən salamat çıxsa belə, planetdə həyatın uzun müddət davam edəcəyi ehtimalı azdır.

Qırmızı nəhəngə çevrilmə mərhələsindən sonra Günəş tədricən yanacağının qalıqlarını da tükədəcək, son dərəcə sıxlaşmış Ağ cırtdana çevriləcək. Artıq nüvə sintezi baş verməyəcəyindən, yavaş-yavaş sönəcək və soyuyacaq. Yer kürəsi isə donmuş, həyatın olmadığı obyektə çevriləcək. Yeganə təsəlliverici xəbər budur ki, bunun baş verməsi ən azı 7-8 milyard ildən sonra gözlənilir.