BAKI, 18 sentyabr. TELEQRAF
“Artıq Azərbaycan və Ermənistan arasında sülhün müsbət nəticələri görünür”.
Teleqraf xəbər verir ki, bunu Fransanın İrəvandakı yeni Florian Eskudye Ermənistan mediasına müsahibəsində deyib.
“Fransa bu sülh sazişinin hazırlanmasına gətirib çıxaran mərhələnin əvvəlində böyük dərəcədə iştirak edib. Hələ 2022-ci ilin oktyabrından Emmanuel Makron sülh üçün müəyyən ilkin şərtləri irəli sürmüşdü, xüsusilə Ermənistanın ərazi bütövlüyünün tanınması, Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi kimi. Daha sonra biz 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sazişi dəstəklədik. Əlbəttə, saziş hələ imzalanmalı və sonda ratifikasiya edilməlidir. Amma artıq sülhün müsbət nəticələri görünür”, - diplomat bildirib.
Eskudye bu kontekstdə qeyd edib ki, uzun müddətdir Ermənistan-Azərbaycan sərhədində sakitlik hökm sürür, atəş açılmır:
“Fransa diplomatiyası, əgər bizə müraciət etsələr, rol oynaya bilər. Amma düşünürəm ki, bu gün Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlər kifayət qədər yaxşı inkişaf edir. Hər halda, ehtiyacınız olarsa, biz sizin xidmətinizdəyik”.