BAKI, 19 iyun. TELEQRAF

Astronomlar “James Webb” Kosmik Teleskopundan istifadə edərək, bizə məlum olan ən ekstremal ekzoplanetlərdən biri - Yer kürəsindən 217 işıq ili uzaqlıqda yerləşən qaz nəhəngi HD 80606b haqqında yeni məlumatlar əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Space” məlumat yayıb.

Planetdə cəhənnəmi xatırladan ab-hava hökm sürür.

HD 80606b öz ulduzuna yaxınlaşdıqca temperaturu kəskin şəkildə, təxminən 600°C artır, bu da atmosferinin kimyəvi tərkibində ciddi dəyişikliklərə səbəb olur.

HD 80606b “isti Yupiterlər” sinfinə aiddir. Bunlar öz ulduzlarına çox yaxın yerləşən qaz nəhəngləridir. Planetin orbiti olduqca uzunsov (ellipsvari) formadadır. Öz ulduzu ətrafında bir tam dövrəni 111 günə tamamlayır, ən yaxın nöqtədə (periastrda) ulduza son dərəcə kiçik məsafəyə qədər yaxınlaşır.

Məhz həmin anda planetin temperaturu kəskin şəkildə yüksəlir. “James Webb” HD 80606b-ni ulduza yaxınlaşmadan əvvəl, yaxınlaşma zamanı və ondan sonra müşahidə edib. Bu isə ilk dəfə olaraq onun atmosferində baş verən dəyişiklikləri ətraflı şəkildə öyrənməyə imkan verib.

“İsti Yupiterlər” bizə məlum olan ən ekstremal ekzoplanetlərdən hesab olunur, hətta bu qrupun daxilində də HD 80606b kimi ən ekstremal planetlər var”, - tədqiqatın rəhbəri, NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının əməkdaşı Tiffani Katariya deyib.

Elm adamları “James Webb”in MIRI (Mid-Infrared Instrument) cihazı vasitəsilə planetin atmosferinin kimyəvi tərkibini ətraflı təhlil edə biliblər. Müşahidələr təsdiqləyib ki, planet ulduzuna yaxınlaşdığı zaman qızma prosesi əvvəlki məlumatlarda güman ediləndən daha intensiv olur.

HD 80606b qaz nəhəngi planetlərin ekstremal atmosferlərini öyrənmək üçün ideal obyektə çevrilib. Onun çox uzunsov orbiti alimlərə ulduzdan məsafənin dəyişməsindən asılı olaraq atmosfer temperaturunun və kimyəvi tərkibinin necə sürətlə dəyişdiyini müşahidə etməyə imkan verir. Bu isə astronomlara oxşar planetlərdə baş verən prosesləri daha yaxşı anlamağa kömək edir. Orbital mövqedən asılı olaraq atmosfer dəyişikliklərinin təhlili üçün hazırlanan yeni metodika gələcəkdə digər çox isti planetlərə də tətbiq oluna bilər. Bu da daha çox ekzoplanetdəki şəraiti müqayisə etməyə imkan verəcək.