BAKI, 20 iyun. TELEQRAF

Kanadanın Brok Universitetinin tədqiqatçıları Marsdan gələn meteoritin araşdırılması zamanı gözlənilməz kəşfə imza atıblar. Elm adamları meteoritin daxilində əvvəllər Mars mənşəli nümunələrdə heç vaxt aşkar edilməmiş bir neçə qranat kristalı tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Hvg” məlumat yayıb.

Qranat Yer kürəsində çox vaxt güclü istilik, yüksək təzyiq və ya kimyəvi çevrilmələrin təsiri altında yaranır. İndiyədək Marsda bu cür şəraitə rast gəlinməyib. Kəşf bu səbəbdən suallar doğurur: meteoritin daxilindəki mineral hissəciklər Marsda yaranıbmı, belədirsə, onları hansı proses nə vaxt formalaşdırıb, belə deyilsə, haradan gəlib və meteoritin içinə necə daxil olublar?

Universitetdən Tanya Kizovski deyib ki, kəşf Yerdə baş verən geoloji proseslər haqda bilgiləri genişləndirəcək. Bundan əlavə, o, Marsın tarixi ərzində necə dəyişdiyinə və bu maddəni formalaşdıran qədim mühitin necə ola biləcəyinə dair yeni məlumatlar əldə etməyə kömək edə bilər.

Qranat qrupuna aid minerallar adətən tünd qırmızı rəngləri ilə tanınırlar. Bu ad qədim fransız dilindəki “grenate” sözündən götürülüb və “nar dənəsi” mənasını verir. Amma Mars variantı fərqli görünür.

Alimlər əvvəlcə bunun tünd rəngi ilə tanınan piroksen olduğunu güman ediblər. Bu, təəccüblü deyil, çünki həmin mineral kifayət qədər geniş yayılıb. Amma yenə də tapıntının nə olduğunu bir daha dəqiqləşdirmək qərarına gəliblər. Sonradan məlum olub ki, tapılan bir neçə hissəcik əslində andraditdir. Təxminən 0,8×0,5 millimetr ölçüsündə, yəni xaşxaş dənəsindən də kiçik parçada cəmi bir neçə kristal aşkarlanıb.

NWA 8171 adlı meteorit əvvəllər də tədqiqatçıların diqqət mərkəzində olub. Çünki o, maqmanın soyuyaraq digər mineralların ətrafında bərkiməsi nəticəsində yaranan bazalt qırıntılarından ibarət süxurdan təşkil olunub.

Alimlər hesab edirlər ki, NWA 8171 Marsdakı maqmatik axınlar haqda çoxlu məlumat verə, onun tərkibindəki hissəciklər də mühüm informasiya daşıya bilər.

Qranatların quruluşu onların əmələ gəldiyi dövrdə hansı temperatur və təzyiq şəraitinin hökm sürdüyü barədə çox yaxşı təsəvvür yarada bilər. Ona görə də, bunların formalaşması üçün Marsda vaxtilə hansı şəraitin mövcud olduğunu öyrənmək maraqlı ola bilər. Qranatın Marsda yox, başqa planetdə əmələ gəlməsi ehtimalı da hələlik istisna edilmir.