BAKI, 18 sentyabr. TELEQRAF

“Renessans” Partiyasından Fransada prezidentliyə namizəd və keçmiş baş nazir Qabriel Attal Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatlarının daha sıx inteqrasiyasını və birliyi “Avropa Birləşmiş Ştatları”na çevirməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “CNews” telekanalı məlumat yayıb.

“Ancaq iki mümkün siyasi seçim var: köhnə “Freksit” kabusu (Frexit - Fransanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan hərəkat – red.) və yeni ideya. Bu gün qarşınızda təqdim etməyə gəldiyim ideya Avropa Birləşmiş Ştatlarının yaradılmasına hazırlıqdır. Bunu qətiyyətlə deyirəm: 27 ölkədən ibarət müasir Avropa lazımi sərhədlərinə çatıb. Mövcud sistem çərçivəsində biz daha da irəliləyə bilməyəcəyik”, - Attal vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron tərəfindən yaradılmış partiyanın lideri Aİ daxilindəki daxili rəqabətin ittifaqın inkişafına, eləcə də ABŞ və Çinin avropalılarla rəqabətinə mane olduğunu iddia edib. Attal qeyd edib ki, o, vahid dövlətin yaradılmasının deyil, möhkəm Avropa ölkələri nüvəsi ətrafında iqtisadi-ekoloji birləşmənin tərəfdarıdır və bu nüvədə iqtisadi sərhədlər olmamalıdır.

Qabriel Attal təklif etdiyi birləşməyə doğru ilk addım kimi bu təşəbbüsdə iştirak etməli olacaq ölkələrdə ilk ümumavropa referendumunun keçirilməsini hesab edir. Layihə uğurla həyata keçiriləcəyi təqdirdə, bu birlik özündə iqtisadi, texnoloji və ekoloji federalizm xüsusiyyətlərini birləşdirəcək, amma ənənəvi suveren səlahiyyətlər dövlətlərin özlərinin ixtiyarında qalmalıdır.

Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Emmanuel Makron ikinci prezidentlik müddəti başa çatdıqdan sonra konstitusiyada nəzərdə tutulan məhdudiyyətlər səbəbindən namizədliyini irəli sürə bilməyəcək.