BAKI, 22 sentyabr. TELEQRAF
Məktəblərdə müəyyən edilmiş geyim formasının vahidliyinin qorunması uşaqlar arasında fərqləndirici göstəriciləri deyil, onların şagird kimliyini ön plana çıxarmalıdır.
Bunu Teleqraf-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
O bildirib ki, məktəb müxtəlif ailələrdən və fərqli dünyagörüşündən gələn uşaqların bir araya gəldiyi ortaq təhsil məkanıdır:
“Dünya təcrübəsinə baxanda da görürük ki, bu məsələdə vahid model yoxdur. Məsələn, Fransanın dövlət məktəblərində dünyəvilik prinsipi daha sərt tətbiq edilir və dini mənsubiyyəti açıq şəkildə nümayiş etdirən geyim və simvollarla bağlı məhdudiyyətlər mövcuddur. İngiltərədə isə yanaşma fərqlidir: məktəblərə vahid forma qaydaları müəyyənləşdirmək səlahiyyəti verilsə də, dini və mədəni ehtiyacların mümkün qədər həmin qaydalar daxilində uyğunlaşdırılması, eyni zamanda bərabərlik və insan hüquqlarının nəzərə alınması tövsiyə olunur”.
G.Əkbərovanın sözlərinə görə, əsas məsələ qaydaların necə tətbiq olunacağıdır:
"“Dünyəvilik prinsipinə uyğun olmayan geyim elementi” anlayışı məktəblərdə mümkün qədər aydın və hamı üçün eyni cür izah edilməlidir. Eyni vəziyyətə bir məktəbdə başqa, digər məktəbdə tamam fərqli münasibət göstərilməsi həm valideynlərdə, həm də uşaqlarda anlaşılmazlıq yarada bilər”.
O qeyd edib ki, uşağın məktəbdən uzaqlaşdırılması, sinif qarşısında narahat vəziyyətə salınması və ya geyiminin müzakirə predmetinə çevrilməsi yolverilməzdir:
“Problem yaranarsa, ilk addım cəza yox, valideynlə izah və dialoq olmalıdır. Məktəb dünyəvi təhsil məkanı olmaqla yanaşı, uşağın özünü təhlükəsiz və qəbul olunmuş hiss etdiyi yer də olmalıdır. Ona görə də belə qaydalarda əsas məsələ yalnız tələbin yazılması deyil, onun aydın, bərabər və uşağın mənafeyi nəzərə alınmaqla tətbiq edilməsidir”.