BAKI, 22 sentyabr. TELEQRAF
"Cənnətin iqamətgahı” sənədli-etnoqrafik, musiqili filminin rejissoru, ssenari müəllifi və prodüseri Kamran Qasımov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Kamran bəy, Ordubadda "Cənnətin iqamətgahı” filminin təqdimatı baş tutdu. Öncə təəssüratlarınızı eşitmək istərdik.
- Prezident İlham Əliyev tərəfindən “Azərbaycan mədəniyyəti -2040” Konsepsiyasının təsdiq edilməsi, eyni zamanda Ordubadın UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi “Cənnətin iqamətgahı” layihəsinin həyata keçirilməsi üçün mühüm zəmin yaratdı. Bir neçə il əvvəl rəhbərlik etdiyim “Azernyumedia” şirkətinin layihəsi kimi düşündüyümüz bu ideyanın reallaşmasına Mədəniyyət Nazirliyi də dəstək verdi. Layihə İCESCO-nun Bakı Regional Ofisinin tərəfdaşlığı və "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə həyata keçirildi.
Filmin baş məsləhətçisi Mirşahin Ağayevdir.
Sentyabrın 17-də Ordubadda "Cənnətin iqamətgahı” filminin təqdimatı oldu. Bunun bir neçə baxımdan əhəmiyyəti var. Ordubad Azərbaycan kino tarixində ilk dəfə yerli premyera statusu alan şəhər oldu.
Adətən film təqdimatları Bakıda təşkil edilir. Ordubad da bu siyahıya daxil oldu. Filmin premyerasında Ordubad ictimaiyyətinin nümayəndələri də iştirak edirdi. Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və bəyənildi. Tədbiri rayon icra hakimiyyəti yüksək səviyyədə təşkil etmişdi. Beləliklə, çox möhtəşəm premyera baş tutdu.
Premyerada filmin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, yaradıcılıq üzrə məsləhətçisi Əməkdar incəsənət xadimi Cəmil Quliyev, baş məsləhətçisi “Real" Təhlil İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayev çıxış edib fikirlərini bildirdilər.
Ordubadda filmin təqdimatının keçirilməsinin simvolik tərəfi də var. Ordubad Zəngəzur dəhlizinin girişində yerləşir. Filmdə bu məqamın müəyyən elementləri öz əksini tapır.
Ekran əsəri Ümummilli lider Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikri üzərində qurulub. Heydər Əliyev 1980-ci illərdə Ordubada səfəri zamanı bu ifadəni işlədib. Filmdə həmin fikrin hansı şəraitdə və nə üçün səsləndirildiyini də açmağa çalışmışıq. “Cənnətin iqamətgahı” sənədli-etnoqrafik, musiqili filmdir. Ordubad bayatıları və digər mənbələrdən əldə etdiyimiz folklor nümunələrindən istifadə etmişik. Rüstəm Behrudinin şeirindən bir bənd filmə daxil edildi və həmin mətnə Siyavuş Kərimi musiqi bəstələdi. Bayatıların ifaçısı İradə Muraddır.
Eksperiment çox uğurlu alındı. Ümumilikdə, filmi maraqlı bir eksperiment kimi qəbul etdilər. Bildirildi ki, bu cür filmlər sənədli materialın baxılması üçün mühümdür. Çünki sənədli filmlər bəzən tamaşaçı üçün yorucu görünə bilər və onların öz auditoriyası olur. Biz isə burada daha geniş tamaşaçı kütləsini nəzərə almışıq. İlk dəfə sənədli-etnoqrafik filmə mövzuya uyğun musiqili və estrada-vokal elementlər gətirmişik. Filmin musiqiləri milli ruhdadır. Beləliklə, film təqdimatı uğurla keçdi və tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı.
- Sizcə, “Cənnətin iqamətgahı” filmi Azərbaycan kinosunda hansı yeni yanaşmanı və ya fərqli baxışı ortaya qoyur?
- Cəmil Quliyev premyerada bildirdi ki, bu, çox dəyərli ekran əsəridir. Ona görə ki, sənədli film orijinal mahnılarla təqdim edilir. Biz filmdə musiqili elementlər də verməyə çalışmışıq. Filmdə müəllif kinosu ilə kommersiya kinosunun müəyyən mənada hibridi yaradılıb. Düşünürəm ki, bu, Azərbaycan kinosu üçün yenilikdir.
Son illərdə Azərbaycan kinosunda sənədli-etnoqrafik, musiqili janrda belə bir film çəkilməyib. Bu layihə uzun illər üzərində düşündüyüm ideyanın nəticəsidir. Layihə 2017-ci ilin yayından beynimdə var idi. Nəhayət, onu həyata keçirə bildik.
Musiqili film çəkmək asan deyil. Bir tərəfdən klipə bənzəməməlidir, amma hardasa klipdir. Ordubadın ruhu onun musiqisində, bayatılarında və folklorundadır. Düşünürəm ki, film Azərbaycan kinosuna janrına və etnoqrafik musiqili axarına görə bir yenilik gətirib. Mən rejissor kimi 20-dən artıq sənədli film çəkmişəm. Müxtəlif janrlarda - portret, elmi və digər istiqamətlərdə filmlərim olub.
İstəsəydik, Ordubad haqqında elmi-kütləvi janrda film çəkərdik. Amma bunu etmədik. Çünki məqsədimiz daha geniş tamaşaçı auditoriyasına çatmaq idi. Layihənin özü də musiqili formatı tələb edirdi. Çəkiliş prosesinə Ordubadı araşdıran filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın da köməyi dəydi. O, Ordubadın folkloru, xüsusilə bayatıları ilə bağlı materialların toplanmasında bizə dəstək göstərdi.
- Filmin çəkilişləri yalnız Ordubadda baş tutdu, yoxsa başqa məkanlarda da aparıldı?
- Filmin çəkilişləri Ordubad şəhərində və 11 kənddə aparıldı. 45 dəqiqəlik film üçün təxminən 20 saatlıq material çəkilmişdi. Fikirləşirəm ki, Azərbaycan tamaşaçısı bu filmi sevəcək. Ordubad ictimaiyyəti öz tarixini filmdə görüb sevdisə və maraqla izlədisə, bu, artıq müəlliflərin uğurudur.
Bəzən sual verirlər ki, niyə filmdə filan kənd yoxdur? Bunun səbəbi filmin müddəti ilə bağlıdır. Müxtəlif kəndlərdə oxşar abidələr və ümumi elementlər var. Biz ümumi elementlərdən ən xarakterik olanları seçmişik. Tamaşaçını yormamaq da əsas şərtlərdəndir.
“Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixi-mədəni irsindən bəhs edir. Eyni zamanda Azərbaycan mədəniyyətinin qorunması və təbliği baxımından da əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu layihə “Azərbaycan mədəniyyəti - 2040” Konsepsiyası çərçivəsində həyata keçirilən ilk film kimi xüsusi əhəmiyyətə malikdir.
- Filmin çəkilişləri neçə gün davam etdi?
- Çəkilişləri mart, may, iyun və iyul aylarında aparıldı. Ümumilikdə 14 gün çəkiliş oldu. Post-prodakşn prosesi avqustun sonunadək davam etdi. Filmin musiqi həlli üzərində xüsusi işləndi. Canlı ud, nağara və tütək ifalarından istifadə olundu, ifaçılar canlı oxudular. Musiqilər milli ruhdadır.
- Çəkiliş zamanı hər hansı çətinliklə qarşılaşdınızmı?
- Xeyr, çətinlik olmadı. Prezidentin Naxçıvandakı xüsusi nümayəndəliyi və Ordubad Rayon İcra Hakimiyyəti də çəkilişlər zamanı bizimlə həmrəy oldu. Bu dəstək filmin ərsəyə gəlməsində mühüm rol oynadı.
- Filmin Bakıda təqdimatı olacaqmı?
- Filmin Bakı təqdimatı oktyabrın 3-də Nizami Kino Mərkəzində keçiriləcək. Ordubaddakı qala gecəsi rəsmi təqdimat baxımından bizim üçün çox əhəmiyyətli idi. İndi isə Bakıda paytaxt tamaşaçılarının iştirakı ilə təqdimatımızı keçirməyi planlaşdırırıq.
Ordubad premyerası bizim üçün ilk idi. Ümid edirəm ki, “Cənnətin iqamətgahı” həm Azərbaycan kinosu, həm də Azərbaycan mədəni irsinin təbliği baxımından maraqlı layihə olacaq.