BAKI, 21 may. TELEQRAF

Vaxtilə “kainatın ən sakiti” hesab olunan qalaktika klasterinin əslində nəhəng kosmik toqquşma nəticəsində formalaşdığı məlum olub.

Teleqraf xəbər verir ki, astronomlar uzun illər ərzində “Abell 2029” qalaktika klasterinin kainatın ən sakit sistemlərindən biri hesab etsələr də, yeni araşdırma onun daxilində milyardlarla il əvvəl baş vermiş güclü toqquşmanın izlərinin hələ də qaldığını üzə çıxarıb.

“Chandra X-ray”in müşahidələri göstərib ki, qalaktika klasterinin daxilindəki qaz hələ də hərəkətdədir, dalğalanır. Elm adamlarının fikrincə, bu hadisə təxminən 4 milyard il əvvəl daha kiçik qalaktika klasterinin “Abell 2029” ilə toqquşması nəticəsində baş verib.

Araşdırma zamanı nəhəng spiralvari strukturlar, zərbə dalğaları və həddindən artıq qızmış qaz axınları aşkar edilib. Alimlər həmçinin uzunluğu təxminən 2 milyon işıq ili olan nəhəng spiral quruluş qeydə alıblar, bu da indiyə qədər aşkar olunmuş ən böyük belə strukturlardan biri hesab edilir.

Yeni kəşf qalaktika klasterlərindəki qazların niyə milyardlarla il ərzində yüksək temperaturunu qoruyub saxladığını izah edə bilər.