BAKI, 26 noyabr. TELEQRAF

Avropa Parlamenti Avropa İttifaqını Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili və digər yüksək vəzifəli şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentinin noyabrın 26-da qəbul etdiyi qətnamədə bildirilib.

“Gürcü Arzusu rejimi çərçivəsində Paata Burçuladze və siyasi məhbusların işi” adlı qətnamə 441 lehinə, 47 əleyhinə səslə qəbul edilib. 86 deputat bitərəf qalıb.

Sənəddə Avropa İttifaqına Gürcüstandakı vəziyyətə koordinasiyalı yanaşmanı davam etdirmək, demokratiyanın, qanunun aliliyinin və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.

Təklif olunan məhdudiyyətlərə aktivlərin dondurulması və Avropa İttifaqına girişin qadağan edilməsi daxildir.

Sanksiyaların tətbiqi nəzərdə tutulan şəxslər arasında Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladze də var. Çağırış digər yüksək vəzifəli məmurlara, hakimlərə, prokurorlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil edilir.

Avropa Parlamenti opera müğənnisi Paata Burçuladzenin, eləcə də müxalifət siyasətçiləri İrakli Nadiradze və Paata Manjqaladzenin məhkum edilməsini qətiyyətlə pisləyib.

Avropa deputatları onların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün siyasi məhbusların və qanunsuz saxlanılan şəxslərin sərbəst buraxılmasını tələb ediblər.

Qətnamədə Gürcüstan hakimiyyətinə mədəniyyət xadimlərinə, müxalifət nümayəndələrinə, jurnalistlərə və fəallara qarşı siyasi motivli cinayət təqiblərinə və məhkəmə təzyiqlərinə son qoymaq çağırışı da yer alıb.

Bundan başqa, etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-mütənasib güc tətbiqi, hədə-qorxu və pis rəftar halları ilə bağlı müstəqil araşdırma aparılması tələb olunub.

Avropa Parlamenti Gürcüstan xalqına və onun demokratik istəklərinə dəstəyini bir daha təsdiqləyib. Sənəddə qanunun aliliyinin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və fundamental hüquqların qorunmasının Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda irəliləməsi üçün vacib olduğu vurğulanıb.