BAKI, 26 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte müdafiə xərcləri, silah istehsalı ilə bağlı məsələləri, eləcə də beynəlxalq vəziyyəti müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp özünün “Truth Social” hesabında paylaşaraq bildirib.

Onun sözlərinə görə, Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən görüş məhsuldar olub. Danışıqlarda Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə əsas müzakirə mövzuları olub.

Tərəflər, həmçinin Haaqa və Ankarada keçirilən sammitlərdə ABŞ və NATO-nun əldə etdiyi nəticələri müzakirə ediblər.

ABŞ Prezidenti Rusiya və Ukraynanın müharibənin qəsdən və ya təsadüfən genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsinin vacibliyini vurğulayıb. O, müharibənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasının zəruriliyini ətraflı müzakirə ediblər.

Görüşdə müdafiə xərcləri və ABŞ-də, eləcə də NATO ölkələrində müdafiə sənayesinə investisiyalar məsələsi də müzakirə olunub.

Tramp NATO rəhbərliyinə ABŞ-nin müdafiə şirkətlərinin hazırda tikilməkdə olan 20-dən çox yeni istehsal müəssisəsində gördüyü işlər barədə məlumat verdiyini bildirib.

Onun sözlərinə görə, bu müəssisələrdə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, “Tomahawk” raketləri, eləcə də ictimaiyyətə və digər ölkələrə hələ təqdim edilməmiş yeni hücum və müdafiə silahları istehsal olunacaq.

Tramp ABŞ-nin hazırda tarixinin ən böyük həcmdə hərbi texnika və sursat istehsalını həyata keçirdiyini iddia edib. O əlavə edib ki, istehsal ehtiyatları tam formalaşdıqdan sonra ABŞ-nin müttəfiqləri və tərəfdaşları da bundan faydalanacaqlar.