BAKI, 13 yanvar. TELEQRAF
Çinli tədqiqatçılar Ay vaxtının ölçülməsi üçün proqram təminatı hazırlayırlar. İş LTE440 adlanır, bu, “Lunar time ephemeris” (“Ay vaxtı efemeridləri”) ifadəsinin qısaltmasıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.
LTE440 Ay vaxtının ölçülməsi üçün dünyada istifadəyə hazır ilk proqram təminatıdır. Bu, gələcək missiyalarda Yer kürəsi və Ay arasındakı vaxt fərqi problemini həll etməyə imkan verəcək.
Nəşr izah edir ki, vaxt universal sabit deyil. Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinə görə, cazibə qüvvəsi məkan-zaman quruluşunu əyir. Ay Yer kürəsindən kiçik olduğuna görə onun cazibə qüvvəsi daha zəifdir. Cazibə zəif olduqda isə zaman daha sürətlə axır.
“Əgər siz Ayda yaşasaydınız, texniki baxımdan Yerdəki dostlarınızdan daha tez qocalardınız. Bu, vaxt fərqi ilə bağlıdır, hərçənd bu fərq çox kiçikdir - gündə cəmi təxminən 58,7 mikrosaniyə”, - Çin alimləri deyirlər.
Bu bir neçə mikrosaniyə naviqasiya üçün son dərəcə vacibdir. Kosmosun dərinliyində bu fərq rahat enişi fəlakətli qəzaya çevirə bilər.
Erkən kosmik missiyalar “Ay vaxtı” məsələsinə ciddi diqqət yetirmirdilər, çünki missiyalar Ayın səthində az vaxt keçirir, uçuşlar da nadir hallarda olurdu. Amma indi yeni qlobal kosmik yarış qızışır, bu yarış təhlükəsizlik və milyardlarla dolların qorunması üçün maksimum dəqiqlik tələb edir. Müasir kosmik aparatlarda GPS-ə bənzər sistemlərdən istifadə olunur. Bu sistemlər radiosiqnalın peykdən qəbulediciyə çatması üçün lazım olan vaxtı dəqiq ölçməklə mövqeni hesablayır. Zamandakı cüzi səhv belə eniş modulunun yerinin kilometrlərlə yanılmasına səbəb ola bilər.
Kosmik agentliklər Ayda uzunmüddətli məskunlaşmalara hazırlaşdığı və mümkün xaosun qarşısını almaq istədiyi vaxtda Beynəlxalq Astronomiya İttifaqı 2024-cü ildə Ay vaxtı üçün vahid ölçü sisteminə çağıran qətnamə qəbul edib. Çinli komandanın hazırladığı proqram təminatı gələcək Ay missiyaları üçün əsas işi həll edir. Bu alət həm Ayın daha zəif cazibə qüvvəsi, həm də onun kosmosdakı hərəkətini nəzərə alaraq Ay saatının Yer vaxtı ilə mükəmməl uyğunlaşmasını təmin edir. Həmçinin, o, hətta 1000 il sonranı nəzərə aldıqda belə nanosaniyə dəqiqliyini qoruyur.
Çinin hazırladığı proqram hamı üçün açıqdır. Müəlliflərin fikrincə, bu, Çinin gələcək “Ay iqtisadiyyatı” üçün standart müəyyənləşdirmək niyyətindən xəbər verir. Məhz buna görə də, LTE440 qəbul olunarsa, ilk Ay sakinləri şam yeməyinə yığışanda hamı üçün eyni vaxtı göstərəcək.