BAKI, 14 noyabr. TELEQRAF
Elm adamları kainatdakı ən inanılmaz hadisələrdən biri olan “qadağan olunmuş” qara dəliklərin birləşməsinin necə mümkün olduğunu kəşf ediblər.
Teleqraf xəbər verir ki, təxminən 7 milyard işıq ili uzaqda baş verən bu toqquşma 2023-cü ildə qravitasiya dalğaları vasitəsilə qeydə alınıb.
Kütlələri Günəşdən 100-140 dəfə böyük olan toqquşmada iştirak edən qara dəliklər astrofizika qanunlara görə mövcud ola bilməzdi. Bununla belə, Nyu-Yorkdakı Flatiron İnstitutunun (ABŞ) alimləri simulyasiyalar vasitəsilə onların əmələ gəlməsinin sirrinin əvvəllər nəzərə alınmayan maqnit sahələrinin təsiri ilə bağlı olduğunu üzə çıxarıblar.
Kəşf nəinki “qeyri-mümkün birləşmə”nin sirrini çözüb, həm də elm adamlarının qara dəliklərin əmələ gəlməsi ilə bağlı anlayışını dəyişdirərək kainatın hələ də gözlənilməz imkanlarla dolu olduğunu sübut etdi.