BAKI, 27 may. TELEQRAF

Kainatda kəşf edilmiş bəzi planetlər qeyri-adi xüsusiyyətlərinə görə çox qorxunc və təsiredici görünürlər. Onlar yaşamaq üçün əlverişli olmayan, ekstremal şəraitlərə malik planetlərdir.

Teleqraf xəbər verir ki, elm adamları bir insanın bu planetlərdə bir saniyə belə yaşamasının mümkünsüz olduğunu deyirlər.

Aşağıda elmi cəhətdən təsdiqlənmiş və “ən qorxunc planetlər” siyahısına daxil edilən bəzi maraqlı nümunələri təqdim edirik:

COROT-7b – Lavalarla örtülü planet

Yer kürəsindən təxminən 489 işıq ili uzaqda yerləşir.

Qorxulu cəhəti planetin səthinin daim ərimiş lavalarla örtülü olmasıdır. Ulduzuna çox yaxın olduğu üçün gündüz tərəfində temperatur 2000°C-dən çox ola bilər. Gecə tərəfində isə -200°C-ə qədər düşə bilər.

Xüsusi cəhəti ondan ibarətdir ki, bu planetdə “daş yağışı” yağır. Yəni minerallar buxarlanır, sonra soyuyaraq səthə düşür.

HD 189733b – Şüşə yağışı və 8000 km/s küləklər

Yer kürəsindən 64 işıq ili uzaqda yerləşir.

Şüşə yağışı və saatda 8000 km-ə çatan küləklər bu planetdə qorxunc mənzərələr yaradır. Şüşə yağışlarının üfüqi istiqamətdə əsən küləklərlə birləşməsi HD 189733b-ni yaşamaq üçün mümkünsüz edir.

WASP-12b – Öz ulduzu tərəfindən udulan planet

Dünyadan 600 işıq ili uzaqda yerləşir.

Ulduzuna çox yaxın olduğu üçün bu planet tədricən buxarlanır və öz ulduzu tərəfindən “yeyilir”. Bir neçə milyon il içində tamamən yox ola bilər.

55 Cancri e – Yanan almaz planeti

Yerdən 41 işıq ili uzaqda yerləşir.

Yüksək karbon tərkibli olduğu üçün planetin böyük hissəsi almazdan ibarət ola bilər. Amma bu lüks görünsə də, planetdə temperatur 2500°C-yə çata bilir.

Səthi lavalar və minerallarla örtülüdür.

TrES-2b – Qaranlıq planet

Yer kürəsindən 750 işıq ili məsafədə yerləşir.

Planet o qədər qaranlıqdır ki, istilik buraxsa da, işığı demək olar ki, heç əks etdirmir.

Albedo (işıq əks etdirmə qabiliyyəti) 1 faizdən azdır. Yəni kömürdən də qaranlıqdır.

PSR B1257+12 sistemi – Ölü ulduzun ətrafındakı planetlər

Yerdən 2300 işıq ili uzaqda yerləşir.

Bu planetlər bir neytron ulduzunun (ölü ulduz) ətrafında fırlanır. Bu ulduz inanılmaz dərəcədə yüksək radiasiya yayır. Radiasiya səviyyəsi hər hansı canlı orqanizmin orada sağ qalmasına imkan verməzdi.