BAKI, 22 aprel. TELEQRAF
Müasir insanların (Homo sapiens) ən yaxın qohumları olan neandertallar təxminən 40 min il əvvəl nəsli kəsilmədən əvvəl on minlərlə il Avropada yaşamışdılar.
Teleqraf xəbər verir ki, elm adamları növün məhvinə nəyin səbəb olduğunu dəqiqləşdirməyə çalışarkən, yeni araşdırma Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklərə işarə edir.
Planeti Günəşin zərərli şüalarından qoruyan maqnit sahəsinin qütbləri adətən Şimal və Cənub qütbləri ilə eyni nizamdadır, amma Yerin nüvəsinin dəyişməsi nəticəsində arabir yerlərini dəyişirlər.
Bənzər hadisə təxminən 41 min il əvvəl, maqnit sahəsinin zəiflədiyi və daha yüksək səviyyəli radiasiyanın səthə çatmasına imkan verən zaman baş vermişdi.
ABŞ-nin Miçiqan Universitetinin tədqiqat qrupu vulkanik süxurlar və çöküntülərdə qorunan maqnit işarələrini araşdıraraq, Laşamps hadisəsi kimi tanınan prosesin modelini yaradıb.
Nəticələri “Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, 41 min il əvvəl maqnit qütbləri ekvatora doğru dəyişib və sahənin gücü bugünkü səviyyə ilə müqayisədə 10 faiz zəfiləyib.
Alimlər hesab edirlər ki, bu dövrdə adətən qütblərdə görünən Şimal işıqları ekvatora yaxınlaşıb. Təxminlərə görə, proses zamanı ultrabənövşəyi şüanın güclənməsi insanları dəri xərçəngi kimi xəstəliklərə qarşı müdafiəsiz qoyub.
Tədqiqatçılar deyirlər ki, bu dövrdə müasir insanlar arasında insanın ölçüsünə uyğun geyimlər geniş yayılıb. Bundan əlavə, ultrabənövşəyi şüalardan qorunma təmin edən oxra o dövrün sənət əsərlərində görünərkən, Homo sapiens də bundan bədənlərində istifadə etmiş ola bilər.
Komanda buna görə də Homo sapiensin neandertallara qarşı daha üstün mövqedə ola biləcəyini düşünür. Bədəni tam əhatə edən geyimlər Günəş şüalarına qarşı da effektli qoruma təmin edir.
Bəzi elm adamları iddia edirlər ki, müasir insanların Günəşdən qorunmaq üçün oxrandan istifadə edib-etməmədikləri məlum deyil, təkcə bunlar onları xilas etməyə bilərdi.
Çexiyalı elm adamı Ladislav Neyman eyni dövrdə olduqca soyuq şəraitin olduğunu vurğulayaraq əlavə edir:
“Homo sapiensin neandertallardan ən böyük üstünlüyü Afrika və başqa yerlərdə yaşayan başqa böyük populyasiyalarının olması idi. Ona görə də bu hadisələrdən sonra yeni Homo sapiens Avropaya köçə bilərdi”.