BAKI, 15 mart. TELEQRAF

Yeni araşdırmaya görə, Yer kürəsində həyatın yaranmasına şəlalələr və ya su damları arasında “mikro ildırım çaxmaları” səbəb ola bilərdi.

Teleqraf xəbər verir ki, bu barədə “Science Advances” elmi jurnalı yazır.

Tədqiqat göstərir ki, ibtidai atmosferdə mövcud olan qazların qarışığına vurulan su RNT-dəki molekullardan urasil kimi üzvi kimyəvi birləşmələrin əmələ gəlməsinə səbəb ola bilərdi.

Əks yüklü su damlaları arasındakı mikro elektrik boşalmaları “həyatın tikinti blokları” adlandırılan molekulları yarada bilərdi.

Stenford Universitetindən Riçard Zare həmmüəllifi olduğu araşdırma haqqında deyir:

“Təklif edirik ki, bu, həyatın tikinti bloklarını təşkil edən molekulların prebiotik sintezini təmin edən yeni kəşf edilmiş mexanizmdir”.

Yarandıqdan sonra təxminən iki milyard il ərzində Yer kimyəvi maddələr girdabından ibarət olub, amma zülalları, fermentləri, nuklein turşularını və həyat üçün vacib olan digər birləşmələri yaratmaq üçün lazım olan üzvi molekullar əmələ gəlməmişdi. Bu bioloji komponentlərin tam olaraq necə meydana gəldiyi sirr olaraq qalır.

1952-ci ildə amerikalı kimyaçılar Stenli Miller və Harold Urey tərəfindən aparılan məşhur təcrübə mümkün bir izahat təklif etdi: okeanlara düşən ildırım ilkin atmosferdə metan, ammonyak və hidrogen kimi qazlarla qarşılıqlı təsir göstərərək, həyatın yaranmasına səbəb olan üzvi molekulları əmələ gətirə bilərdi.

Nəzəriyyənin tənqidçiləri isə bu ssenaridə ildırımların sporadik (seyrək şəkildə) baş verdiyini və okeanların çox böyük və dağınıq olduğunu vurğulayırlar.

Zare və komandası erkən üzvi molekulların yaranması üçün sporadik ildırım tələb etməyən alternativ bir fərziyyə təklif edib. Elm adamlarının yeni işi göstərir ki, daha böyük su damlaları müsbət, kiçikləri isə mənfi yük daşıyır. Bu cür əks yüklü damlalar bir-birinə yaxınlaşdıqda, onların arasında qığılcımlar yaranır. Onlar buna “mikro ildırım çaxması” deyirlər.

Tədqiqat buna əsaslanaraq, ildırım çaxmasının vacib olmadığını və damlalar və ya şəlalələrdən çıxan kiçik qığılcımların planetdə həyatı başlada biləcəyini iddia edirlər.

“Yer kürəsinin ilkin dövrlərində hər yerdə su axınları vardı, bunlar toplanaraq bu kimyəvi reaksiyanı yarada bilərdi", - Zare vurğulayır.