BAKI, 22 may. TELEQRAF

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Rəşadət Piriyev torpağa tapşırılıb.

Teleqraf”ın Qarabağ bürosunun məlumatına görə, şəhid Piriyev Rəşadət Əli oğlu ilə keçirilən vida mərasimindən sonra Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimi N saylı hərbi hissənin hərbi orkestrinin müşayiəti ilə təşkil edilib. Şəhidin ruhuna ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Qeyd edək ki, Rəşadət Piriyev 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Laçın, Ağdam və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Şəhid 1994-cü ilin fevral ayında Kəlbəcərin Qızılqaya istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində onun nəşi şəhid olduğu ərazidə aşkarlanıb.