BAKI, 1 may. TELEQRAF
Nəsli kəsilmiş növlərin bərpası üzrə ixtisaslaşan “Colossal Biosciences” Təşkilatı mavi antilopların yenidən həyata qaytarılması layihəsinə başladığını açıqlayıb. Bu, vaxtilə Cənubi Afrikada yaşamış antiloplar fəsiləsinə aid nadir növdür.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Təşkilatın baş direktoru Ben Lamm bildirib ki, mütəxəssislər artıq heyvanın DNT-sini əldə edib və onun genetik xəritəsini tamamlayıblar. Hazırda layihə ən məsuliyyətli mərhələyə - genetikanın redaktəsinə keçib.
Elm adamlarının fikrincə, bu texnologiya XVIII əsrin sonlarında insanlar tərəfindən tamamilə məhv edilmiş bu növün yenidən bərpa olunmasına imkan verə bilər.

Birinci heyvanın dünyaya qayıdışı 2028-ci ilə planlaşdırılır.
“Üzərində işlədiyimiz bütün layihələrdə məqsədimiz heyvanları yenidən yaşamaqları və ekosistemə faydalı ola bilmələri üçün təbii yaşayış mühitlərinə qaytarmaqdır”, - Ban Lamm deyib.

Təşkilat mavi antilopdan əlavə digər iddialı layihələr üzərində də işləyir. Eyni tarixdə ilk mamont balasının da dünyaya gəlməsi mümkündür. Tədqiqatçılar artıq genomun hazırlanmasını tamamlamaq üzrədir, növbəti mərhələyə - hazır embrionların dişi fil surroqat analara köçürülməsinə hazırlaşırlar. Amma elm dünyasında heç də hamı bu cür təcrübələrdən məmnun deyil. Tənqidçilər bunun təbiət üçün təhlükəli olduğunu iddia edirlər. Məsələn, Yale Universitetinin ekoloqları Pol və Enn Erlixlər açıq şəkildə bəyan ediblər ki, bu texniki cəhətdən mümkün olsa belə, ideya özü dəhşətlidir.

Yeni Zelandiyada da nəsli kəsilmiş nəhəng quşların yenidən bərpası planlaşdırılır. Vaxtilə burada qanadlı nəhənglər - moa quşları yaşayıb. XV əsrə qədər Yeni Zelandiyada onların ümumilikdə 9 növü mövcud idi. Ən böyüklərinin çəkisi 230 kiloqrama, hündürlüyü 3,5 metrə çatıb. Hazırda dünyanın ən böyük quşu sayılan dəvəquşu bu qədim nəhənglərdən təxminən bir metr daha qısadır.