Heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayan Moldovanın Dnestryanı bölgəsi bu günlərdə “Şerif Tiraspol” futbol komandası ilə tez-tez xatırlanır.

Teleqraf.com xəbər verir ki, “Şerif” ötən həftə Çempionlar Liqasının qrup mərhələsində 13 dəfə Avropa çempionu və bazar dəyərinə görə özündən 60 dəfə böyük olan İspaniyanın “Real Madrid” klubunu məğlub edib.

Sentyabrın 2-də Moldovadan birtərəfli qaydada “müstəqilliyini” elan etməsinin 31-ci ildönümünü qeyd edən Dnestryanı bölgə iqtisadiyyatı, kiçik kənd təsərrüfatı müəssisələri də daxil olmaqla, demək olar ki, tamamilə Şerif ailəsinin nəzarətindədir. “Şerif Tiraspol” futbol komandası da bu ailəyə məxsusdur.

Moldova liqasındakı digər futbol klubları ölkələrinin tanımadığı bu bölgəyə pasport yoxlanışları ilə gəlirlər.

Sovet İttifaqının dağılmasından sonra Moldovanın tərkibində qalmaqdan imtina edərək “müstəqilliyini” birtərəfli qaydada elan edən Dnestryanı heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmır. Sosializmin qalmasına qərar verilən Dnestryanı bölgənin öz siyasi quruluşu, parlamenti, ordusu və polisi var. Təxminən 500 min əhalisi olan Dnestryanı rəsmi olaraq tanınmadığı üçün Rusiya pasportundan istifadə edir.

Giriş mümkündür, amma Şimali Koreya qədər çətin olan Dnestryanı bölgəyə gələnlərə qalma müddətini göstərən qəbzlər verilir.

Bölgə Rusiya silahlı qüvvələrinin nəzarəti altındadır. Moldova hökumətinin tələblərinə baxmayaraq, Rusiya bölgədəki hərbi qüvvələrini çıxarmır.