BAKI, 22 noyabr. TELEQRAF
Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası yaxın vaxtlarda ölkədə surroqat analığın qadağan edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcək.
Teleqraf xəbər verir ki, bunu brifinqdə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib.
İ.Kirtsxaliya qərarın insan alveri, qadınların mümkün istismarı və uşaq hüquqlarının müdafiəsi ilə bağlı ciddi etik və hüquqi risklərə əsaslandığını qeyd edib. O, məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal əlaqə saxladıqlarını və qanunun çox qısa müddətdə qəbul olunacağını vurğulayıb.
Parlament çoxluğunun lideri son illər Gürcüstanda surroqat analıq xidmətinin əsl bazara çevrildiyini və əldə edilən iqtisadi faydanın mövcud riskləri üstələyə bilməyəcəyini deyib. O həmçinin əksər Avropa ölkələrində bu praktikanın qadağan edildiyini əlavə edib.