BAKI, 22 noyabr. TELEQRAF
Azərbaycanın rəqəmsal xidmətlər sahəsində inkişaf etmiş ölkələri qabaqlamasında vahid mərkəzləşdirilmiş idarəetmə və müasir texnoloji arxitekturanın qurulması mühüm rol oynayıb.
Bu barədə Teleqraf-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov deyib.
Onun sözlərinə görə, Qərb ölkələrinin əksəriyyətində, xüsusilə ABŞ və Kanada kimi federal quruluşlu dövlətlərdə mərkəzi və yerli hakimiyyət orqanlarının informasiya sistemləri arasında ciddi pərakəndəlik və uyğunsuzluq mövcuddur. Azərbaycanda isə Rəqəmsal İnkişaf Şurasının koordinasiyası və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” xətti bütün dövlət qurumlarının vahid standartlar üzrə sinxron işləməsini təmin edib ki, bu da ölkəmizi institusional çərçivə altindeksində dünya birincisi edib.
E.Abbasov qeyd edib ki, Azərbaycanın üstünlüyünü şərtləndirən digər amil köhnə informasiya sistemlərinin yükünün olmaması və texnoloji sıçrayış effektidir:
“İnkişaf etmiş ölkələrdə onilliklər ərzində qurulmuş ənənəvi informasiya texnologiyaları infrastrukturunun yenilənməsi böyük maliyyə və vaxt tələb edir. Azərbaycan isə müasir həlləri birbaşa yeni arxitektura — “Hökumət Buludu” və “digital.bridge” məlumat mübadiləsi sistemi üzərindən quraraq sürətli keyfiyyət dəyişikliyinə nail olub”.
Assosiasiya sədri bildirib ki, dövlət xidmətlərinin “mygov” platformasında “bir pəncərə” prinsipi ilə mərkəzləşdirilməsi və vətəndaşların həyat hadisələrinə uyğun proaktiv formada təqdim edilməsi Azərbaycanın istifadəçi təcrübəsi və xidmət dizaynı baxımından bir çox Avropa və Şimali Amerika ölkələrini qabaqlamasını təmin edib.
O əlavə edib ki, Azərbaycanın BMT-nin 2026-cı il Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) iki il ərzində 36 pillə irəliləyərək dünyada 38-ci yerə yüksəlməsi və “Çox yüksək EHİİ” kateqoriyasının V3 altqrupuna daxil olması ölkənin beynəlxalq rəqabət qabiliyyəti baxımından mühüm göstəricidir:
“Azərbaycanın xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə 56 pilləlik sıçrayışla dünyada 11-ci yerə yüksəlməsi, eləcə də institusional çərçivə üzrə dünya birincisi olması, xidmətlərin təqdim edilməsi üzrə isə Estoniya ilə 10-cu yeri bölüşməyi dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sistemli və nəticəyönümlü qurulduğunu sübut edir. Bu irəliləyiş xarici investorlar və beynəlxalq tərəfdaşlar üçün ölkədə şəffaf, çevik və bürokratiyadan uzaq biznes mühitinin formalaşdığının əsas siqnalıdır”.