BAKI, 22 noyabr. TELEQRAF
Almaniyanın “Bavariya” klubu futbolçusu Harri Keynin əvəzinə qış fasiləsində yeni hücumçu transfer etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Le Phoceen” nəşri məlumat yayıb.
Münhen təmsilçisinin bu qərarına səbəb İngiltərə millisinin üzvünün “Köln”lə oyunda ayağından zədələnməsidir. Tibbi müayinədən sonra onun əməliyyat olunacağı və təxminən beş ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
“Bavariya” rəhbərliyinin Keyni əvəz edə biləcək namizədlər arasında daha əvvəl də Əlcəzair millisinin və Fransanın “Marsel” klubunun futbolçusu Əmin Qurinin adı yer alır.
Qeyd edək ki, cari mövsüm 14 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Qurinin “Marsel”lə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. “Bavariya”nın futbolçunu münasib qiymətə transfer edə biləcəyi bildirilir.