BAKI, 22 noyabr. TELEQRAF
Bu gün peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda təşkil olunur. İmtahanın keçirilməsi üçün 7 zal admini, 43 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan saat 16:00-da başlanır. İmtahanın davametmə müddəti 3 saatdır və namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olacaqlar.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.