Çinqay-Tibet Elmi Arxeoloji Ekspedisiyasının üzvləri Tibetdəki Namtso gölü ətrafında araşdırma aparkən qaya üzərində oymalar aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı daş alətlər və məzarlar da tapılıb.

Mütəxəssislərin fikrincə, bu dəlillər qədim sirli köçəri sivilizasiyana aid sübutlar ola bilər.

Araşdırmalarda Çinqay-Tibet yaylasının şimalında naməlum qədim köçəri mədəniyyətdən qalmış petroqliflər tapılıb. Rəsmlərin tədqiqi artıq bu köçərilərin (türk tayfaları) digər etnik qruplarla sıx əlaqəsinin olduğunu göstərir.

Professor Tan Xueyşen tapıntılar haqda deyib: “Bir çox mağara rəsmlərinin üslubunda yalnız ilk tibetlilərə yox, həm də erkən Xan tayfalarına xas elementlər olduğunu görə bilərik”.

O, Çin hərfləri şəklində yazılar tapıldığını da söyləyib. Professor bunun köçərilərlə Orta Asiya xalqları arasında ünsiyyətə dair sübutlar olduğunu bildirib.

Xueyşenə görə, üslubların qarışması Namtso gölünün qədim İpək Yolu üzərində yerləşməsi ilə əlaqədardır və bu, fərqli mədəniyyətləri bir araya gətirdiyini göstərir.

Ekspedisiya üzvləri dini rituallara dair izlər də tapıblar. Arxeoloqlar hesab edirlər ki, bu rituallar petroqlifləri yaradan insanlar tərəfindən həyata keçirilib.