ABŞ-ın aerokosmik agentliyi NASA bir il Mars şəraitində yaşamağa razı olacaq könüllüləri axtarır.
Teleqraf.com xəbər verir ki, NASA-nın bu missiyası Marsda həyatın imitasiyası kimi xarakterizə olunacaq.
Hyustondakı Conson Kosmos Mərkəzinin daxilində 158 kvadratmetrlik sahədə qeyri-adi bir missiyada iştirak edən 4 nəfər üçün xüsusi “Mars Dune Alpha” modulu tikiləcək. Həmin şəxslər orada işləyəcək, kosmosdakı durumu simulyasiya edəcək və digər vəzifələri yerinə yetirəcəklər.
Müraciət edənlərin fiziki sağlamlığı yerində, yaşı 30-35 arasında olmalıdır. Ailələri, dostları və sevdikləri ilə məhdud təmasda olacaq, məhdud qida və avadanlıq çatışmazlıqlarının öhdəsindən gəlməyi öyrənməli olacaqlar.
NASA üç sınaq keçirməyi planlaşdırır, bunlardan birincisi gələn ilin payızında başlamalıdır.
Agentlik Yerdəki simulyasiyaların astronavtların Marsa göndərilməzdən əvvəl qarşılaşacaqları fiziki və psixoloji çətinlikləri anlamaqda və onlara qarşı dayanmağa köməkçi olacağını bildirib. Müqavilənin məbləği açıqlanmayıb.